...

Bu il Bakıda yol qəzalarında 210 nəfər ölüb

Cəmiyyət Materials 12 Sentyabr 2011 18:01 (UTC +04:00)
Bu ilin yanvarından sentyabrın 10-dək Bakıda 933 yol qəzasında 210 nəfər həlak olub, 1130 nəfər xəsarət alıb.
Bu il Bakıda yol qəzalarında 210 nəfər ölüb

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu ilin yanvarından sentyabrın 10-dək Bakıda 933 yol qəzasında 210 nəfər həlak olub, 1130 nəfər xəsarət alıb. Bu barədə Trend-ə Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.

O bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il 12 hadisə, 5 ölüm, 17 xəsarət artım olub.

Əsədovun sözlərinə görə, hesabat dövründə sürücülər tərəfindən 244 284 yol hərəkət qaydasının pozuntusu qeydə alınıb.

Pozuntulardan 31 869-u yolayrıcını keçmə qaydalarının pozulması, 4467-si avtomobilin sürücülük vəsiqəsi olmadan, 367-si dövlət nömrə nişansız, 7761-i pərdə və plyonkalı idarə olunması ilə bağlıdır.

Bu müddətdə avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün 3011 sürücü saxlanıb və inzibati məsuliyyətə cəlb edilib. 1542 sürücü qəza şəraiti yaratdığı, 846-sı polisə tabe olmadığı, 2945-i sürət həddini aşdığı, 1972-si ötmə və manevr qaydalarını pozduğu üçün saxlanıb.

Hesabat dövründə 265 avtoxuliqan saxlanıb. Sərnişindaşıma qaydalarının pozulması ilə bağlı 1775 fakt qeydə alınıb.

1530 nəfər piyada isə yol hərəkət qaydalarının pozulması ilə bağlı inzibati məsuliyyətə cəlb olunub.

Əsədov bildirib ki, son günlər paytaxt ərazisində piyadaların vurulması ilə bağlı hadisələr artıb.

"Təyin olunmayan yerlərdən keçən piyadaların avtomobillərlə vurulması hadisələrin 52 faizini təşkil edir. Sentyabrın 10-dan oktyabrın 10-dək keçiriləcək "Diqqət, uşaqlar" adlı təhlükəsizlik aylığı qəzaların sayının azalmasına təsir göstərəcək", - Əsədov deyib.

Xəbər lenti

Xəbər lenti