...

"Strateji Təhlil" jurnalının növbəti sayı çapdan çıxıb

Cəmiyyət Materials 16 Dekabr 2011 11:16 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Azərbaycanın daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə rüblük dövri nəşri olan “Strateji Təhlil” jurnalının 3-cü sayı çap olunub.
"Strateji Təhlil" jurnalının növbəti sayı çapdan çıxıb

Azərbaycan, Bakı, 16 dekabr /Trend/

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Azərbaycanın daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə rüblük dövri nəşri olan "Strateji Təhlil" jurnalının 3-cü sayı çap olunub. Bu barədə Trend-ə SAM-ın mətbuat xidmətindən məlumat verilib.

Jurnalın redaksiya şurasının sədri akademik Ramiz Mehdiyevdir.

Jurnalın "Milli inkişafın strateji prioritetləri" adlı birinci bölməsində Azərbaycanda təhsil sistemin inkişafı, "müasir dövlət" fenomeni və dövlətşünaslıq elminin durumu təhlil edilib. Bu bölmədə professor Şəmsəddin Hacıyevin "Azərbaycanda təhsil yeni inkişaf mərhələsində" adlı məqaləsi və professor Rəbiyyət Aslanovanın "Müasir dövlət" fenomeni və dövlətşünaslıq elmi: mövcud dünya təcrübəsinə yaradıcı və tənqidi yanaşma və bəhrələnmə məsələləri"nə həsr edilmiş məqalələri yer alıb.

"Xarici siyasət və beynəlxalq münasibətlərdə yeni meyllər və proseslər" adlı ikinci bölmədə Yaxın Şərqdə baş verən inqilablar, Cənubi Qafqazda təhlükəsizlik dilemması, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyünün perspektivləri, Azərbaycanın xarici diplomatiyasında ictimai diplomatiya elementləri mövzuları təhlil edilib. Samir Həmidovun "Yaxın Şərqdə siyasi çevrilişlər və İran", Şəfa Qasımovanın "Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və Şura üzvlüyünün perspektivləri" və Almaniyanın Vestfaliya-Vilhelm Universitetinin Siyasi Elmlər institutunun doktorantı və əməkdaşı Elnur İsmayılovun "Regional və böyük güclərin Cənubi Qafqazda ikili standartları prizmasında Azərbaycanın xarici siyasəti" adlı məqalələri bu bölmədə yer alıb.

Jurnalın "Ermənistanın daxili və xarici siyasəti. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" adlı üçüncü bölməsində Ermənistanda daxili siyasi durum, dövlət siyasətinə erməni diasporunun və lobbisinin təsiri, Ermənistanın Dağlıq Qarabağla bağlı informasiya təbliğatı və siyasəti nəzərdən keçirilib. Bu bölmədə Hatəm Cabbarlının "Qara Qitə"nin inqilab dalğası və Ermənistan daxili siyasətinin dinamikası" adlı və başqa məqalələr yer alıb.

Növbəti - "Yeni media: problemlər və həll yolları" adlı bölmədə "Azərbaycanda sosial şəbəkələr və informasiya təhlükəsizliyi məsələləri" təhlil edilib.

Jurnalın "Azərbaycanın enerji strategiyası və beynəlxalq iqtisadi münasibətlər" adlı bölməsində professor Elşən Hacızadənin "Milli Neft Strategiyasının imperativləri", Ramiz Rəhmanovun "Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyündən gözləntilər: MDB ölkələrinin təcrübəsi kontekstində", Gülmira Rzayevanın "Azərbaycan dövlətinin enerji siyasəti müstəqilliyin iyirminci ildönümündə: nailiyyətlər, məqsədlər və perspektivlər" adlı məqalələri yer alıb.

Sonuncu "Gənc tədqiqatçılar": SAM-ın keçirdiyi müsabiqənin qalibləri" adlı bölmədə İsveçin Lund Universitetinin İqtisadiyyat və idarəetmə məktəbinin doktorantı Abdulla Əlixanovun "Azərbaycan İqtisadiyyatı: İnkişafa aparan iqtisadi yol" və Mançester Universitetinin magistri Ariz Hüseynovun "Azərbaycan-Rusiya münasibətləri. Müstəqillikdən sonrakı ilk 10 il" adlı məqalələri yer alıb.

Xəbər lenti

Xəbər lenti