...

Dövlət Komitəsi Azərbaycan ailələrinin əsas problemlərini açıqlayıb

Cəmiyyət Materials 6 Fevral 2012 12:25 (UTC +04:00)
Azərbaycanda ailələrdə əsas problemlər məişət zorakılığı, erkən nikahlar, boşanmalar zamanı meydana çıxan əmlak mübahisələri ilə bağlıdır.
Dövlət Komitəsi Azərbaycan ailələrinin əsas problemlərini açıqlayıb

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda ailələrdə əsas problemlər məişət zorakılığı, erkən nikahlar, boşanmalar zamanı meydana çıxan əmlak mübahisələri ilə bağlıdır. Bunu bazar ertəsi Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.

Bu problemlərin həlli məqsədilə Komitənin müvafiq tədbirlər, layihələr həyata keçirdiyini qeyd edən Sofiyeva bildirib ki, erkən nikah probleminin həlli məqsədilə Komitənin təklifi əsasında ötən il qanunvericilik səviyyəsində qadınlar üçün nikah yaşı 17-dən 18-ə qaldırılıb.

Onun sözlərinə görə, nikah bağlanan zaman tərəflərin tibbi arayış təqdim etməsinin məcburiləşdirilməsi ilə bağlı parlamentə müraciət olunub və hazırda bu məsələ müzakirədədir.

Komitə rəsmisi bildirib ki, valideyn məsuliyyətinin artırılması məqsədilə qanunvericiliyə dəyişikliklər olunması ilə bağlı Komitə tərəfindən təkliflər hazırlanır. Təkliflərdə valideynlərin inzibati və cinayət məsuliyyətinə cəlb olunması nəzərdə tutulur.

Sofiyeva qeyd edib ki, Azərbaycanda nikah, boşanma ilə bağlı statistika stabil qalır.

"Avropada ailə institutu məhv olmaq üzrədir. Azərbaycanda bu sahədə vəziyyətin stabil saxlanması vacibdir. Ötən il nikahların statistikasına nəzər salsaq, bu sahədə artım müşahidə olunur. Ötən il 88 145 nikah qeydə alınıb. Boşanmaların sayı isə 10 faizi keçməyib və 10 747 boşanma olub. Əhali artımında da problem yoxdur. İlbəil doğulan uşaqların sayı artır, o cümlədən keçənilki rəqəmlər də göstərdi ki, burada da problem yoxdur. Belə ki, ötən il 176 072 uşaq doğulub. Onlardan 53,8 faizi oğlan, qalanı isə qız uşağı olub. Bu, artıq müsbət nəticənin göstəricisidir", - Komitənin sədr müavini deyib.

Bu gün Dövlət Komitəsinin yaranmasının 6-cı ildönümüdür.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Prezidenti İlham Əliyevin 6 fevral 2006-cı il tarixli fərmanı ilə yaradılıb.

Dövlət Komitəsi ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Komitə müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini, müvafiq sahənin inkişafını təmin edir.

Xəbər lenti

Xəbər lenti