Bakıdakı qədim sürüşmə sahəsində aktivləşmənin qarşısını almaq üçün tədbirlər planı hazırlanıb

Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir İ.İsabalayeva/
Xətai rayonundakı Nəsirəddin Tusi küçəsi ilə Gəncə prospekti arasındakı yamacda olan qədim sürüşmə sahəsində aktivləşmənin qarşısını almaq üçün tədbirlər planı hazırlanıb.
Bunu şənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev deyib.
Onun sözlərinə görə, həmin ərazidəki sürüşmənin qaş hissəsində - yaşayış evlərinin qarşısındakı yamacda qanunsuz salınmış bağlar, qeyri-qanuni tikililər var, oraya su xətləri çəkilib. Tədbirlər planında su xətlərinin ləğv edilməsi, əraziyə suyun daxil olmasının qarşısının alınması, sürüşmənin qaş hissəsində yerləşən məktəb binasının zirzəmisindəki aşkarlanmış suyun mənbəyinin tapılması və qurudulması, sürüşmənin qaş hissəsində yamacın dayanıqlığına təsir göstərə biləcək istənilən antropogen fəaliyyətin tamamilə məhdudlaşdırılması, yaranmış çatlar və oyuqların gil vasitəsilə doldurulması planlaşdırılır.
Bununla yanaşı, həmin ərazidə yenidən birin beş yüz miqyasında iri mühəndis-geoloji tədqiqatın aparılması və bərkidilmə işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Yamacın kəskin erroziya prosesinə məruz qalmasını nəzərə alaraq, həmin ərazidə hamarlama işlərinin aparılması və susuzluğa davamlı ağaçların əkilməsi də planlaşdırılır.
Niftiyev hazırda müvafiq qurumlar tərəfindən bu tədbirlərin həyata keçirildiyini söyləyib.
Niftiyev həmçinin bildirib ki, Masazır qəsəbəsindəki sürüşmə isə artıq fərdi yaşayış evlərinə çox yaxınlaşıb.