...

MTRŞ telekanallarda yeni xarici serialların yayımına başlanmasından narahatdır

Cəmiyyət Materials 5 Aprel 2012 13:16 (UTC +04:00)
Milli Televiziya və Radio Şurası (MTRŞ) bəzi televiziya kanallarında yeni teleserialların yayımına başlanmasını yaxşı hal hesab etmir.
MTRŞ telekanallarda yeni xarici serialların yayımına başlanmasından narahatdır

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir E.Mehdiyev/

Milli Televiziya və Radio Şurası (MTRŞ) bəzi televiziya kanallarında yeni xarici teleserialların yayımına başlanmasını yaxşı hal hesab etmir.

Şura sədri Nuşirəvan Məhərrəmli Trend-ə açıqlamasında deyib ki, teleserialı göstərib, sonra onun yayımını dayandırmaq telekanal üçün başucalığı gətirmir, ümumiyyətlə əhali üçün də yaxşı deyil.

"Hesab edirəm ki, onlar özlərinin əsasnaməsinə uyğun hərəkət edirlər. Yəni proqram siyasətində sərbəsdirlər. Ancaq bu kanalların hamısına bir il bundan qabaq dəfələrlə tövsiyə olunub ki, bu məsələ üçün hazırlıq işləri görsünlər", - Məhərrəmli deyib.

O vurğulayıb ki, hüquqi cəhətdən burada hər hansı bir problem yoxdur, ancaq may ayının 1-dən etibarən əcnəbi teleserialların yayımı bir mənalı şəkildə dayandırılacaq.

Məhərrəmli, həmçinin izdivac verilişlərinin dayandırılması məsələsinə də münasibət bildirib. O qeyd edib ki, Şura bu işləri öz səlahiyyətləri çərçivəsində nizamlayır.

"Yəni Şuranın televizya və radio kanallarının yaradıcılıq işlərinə qarışmaq səlahiyyəti olmadığından bu məsələyə müdaxilə etmir. Ancaq bir vətəndaş kimi, əlbəttə, biz çox istərdik ki, bütün televiziya və radio kanalları Azərbaycanın milli-mənəvi dəyərlərinə uyğun verilişlər hazırlasınlar, insanların heysiyyatı ilə oynayan verilişlər verməsinlər və Azərbaycanın mentalitetini nəzərə alsınlar", - Şura sədri deyib.

Avropa üçün xarakterik olan tok-şouların Azərbaycan teleməkanına gətirilməsini gülünc hesab edən Məhərrəmli telekanallara bu cür hallara yol verməməyi tövsiyə edib.

"Əgər MTRŞ-yə səlahiyyət verilsə, bütün bu məsələləri birdəfəlik həll edib qurtarardıq", - o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti