...

Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Qız Qalası" Üçüncü Beynəlxalq İncəsənət Festivalı keçiriləcək

Cəmiyyət Materials 25 Aprel 2012 09:31 (UTC +04:00)
17-19 may tarixlərində Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müasir İncəsənət Muzeyi, Qız Qalası Rəsm Qalereyası və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunan ənənəvi “Qız Qalası” Üçüncü Beynəlxalq İncəsənət Festivalı keçiriləcəkdir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Qız Qalası" Üçüncü Beynəlxalq İncəsənət Festivalı keçiriləcək

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir S.Ağayeva/

Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 17-19-da Müasir İncəsənət Muzeyi, Qız Qalası Rəsm Qalereyası və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunan ənənəvi "Qız Qalası" Üçüncü Beynəlxalq İncəsənət Festivalı keçiriləcəkdir.

Heydər Əliyev Fondundan Trend-ə verilən məlumata görə, YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş və paytaxtımızın rəmzi hesab olunan Qız Qalasının dünyada tanıdılması məqsədi ilə Bakıda keçirilən incəsənət festivalında bu il 18 ölkədən tanınmış rəassamlar iştirak edəcəklər. Onlar öz milli üslublarında qalanın kiçik maketlərini naxışlarla bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlər yaradacaqlar.

Əvvəlki festivallardan fərqli olaraq bu il ilk dəfə olaraq İDEA ekoloji kampaniyası çərçivəsində nəsli kəsilməkdə olan "Qafqaz beşliyi"nə diqqəti cəlb etmək məqsədi ilə ceyran maketləri də hazırlanacaq. Həmin maketlər ötən illərdəki müsabiqələrdə iştirak etmiş və artıq festivalın dostları hesab olunan rəssamlar tərəfindən bəzədiləcəkdir.

Builki festivalın digər fərqləndirici cəhəti isə Qız Qalası üzərində video-mapping texnologiyasının təqdim edilməsi olacaq. Belə ki, festivalın bağlanış mərasimində Qız Qalasının üzərinə ötən festivallarda yaradılmış və abidənin arxitekturasına uyğun olan Qız Qalası maketlərinin proyeksiyası salınaraq rəngarəng görüntülər yaradılacaq. Görüntülərin yaradılmasında müasir post-prodakşn video texnologiyalarından istifadə olunacaq. Qız Qalası səthinin 360º görüntülərlə əhatə edilməsi məqsədi ilə abidənin üzərinə 7 müxtəlif nöqtədən 30 proyektor vasitəsi ilə proyeksiyalar salınacaq.

Şəhərimizin sakinləri və qonaqları bu rəngarəng görüntüləri mayın 29-na kimi izləmək imkanına malik olacaqlar.

Qeyd edək ki, indiyədək "Qız Qalası" Beynəlxalq İncəsənət Festivalında dünyanın müxtəlif ölkələrindən 40-dan çox rəssam iştirak edib. Festival xarici rəssamları Azərbaycan mədəniyyəti və incəsənəti ilə yaxından tanış etməklə yanaşı, Qız Qalasının dünyada təbliğinə öz töhfəsini verməkdədir. Layihə çərçivəsində hazırlanmış unikal müəllif işləri artıq Fransa və İtaliyada nümayiş etdirilərək ictimaiyyətə təqdim olunub.

Xəbər lenti

Xəbər lenti