Azərbaycan, Bakı, 6 may /Trend, müxbir H.Vəliyev/
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) respublikanın dövlət orqanlarında vahid elektron sənəd dövriyyəsi sisteminin tətbiqi ilə bağlı pilot layihə hazırlayıb. Bu barədə Trend-ə cümə günü layihəyə yaxın mənbə bildirib.
Vahid elektron sənəd dövriyyəsi sisteminin ilk növbədə nazirliyin struktur bölmələrində tətbiq edilməsi nəzərdə tutulur.
Məlumat mübadiləsi üçün elektron-rəqəmsal imzadan istifadə ediləcək. Perspektivdə sistemi Azərbaycanın digər dövlət orqanlarına da yaymaq planlaşdırılır.
Layihənin əsas məqsədi "Elektron hökumət"in rolu və əhəmiyyətini, informasiya texnologiyalarından istifadə etməklə dövlət xidmətlərinin göstərilməsinin keyfiyyətini yüksəltmək, vahid informasiya məkanının formalaşdırılması, kargüzarlıq proseslərinin səmərəliliyi və şəffaflığının artırılması, elektron xidmətlərə çıxış imkanlarının genişləndirilməsidir.