...

Bakı Dövlət Universitetinin müəllimlərinə xəbərdarlıq edilib

Cəmiyyət Materials 10 May 2012 16:26 (UTC +04:00)
Bakı Dövlət Universitetinin (BDU) rəhbərliyi müəllimlərinə rüşvət almamaq barədə xəbərdarlıq edib.
Bakı Dövlət Universitetinin müəllimlərinə xəbərdarlıq edilib

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir İ.İsabalayeva/

Bakı Dövlət Universitetinin (BDU) rəhbərliyi müəllimlərə xəbərdarlıq edib. BDU-nun Hüquq fakültəsinin müəllimi Məhəmməd İmanlının korrupsiya cinayətinə görə həbsinə münasibət bildirən rektor Abel Məhərrəmov cümə axşamı Trend-ə deyib ki, hazırda məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

"Əlbəttə, universitetdə ancaq profilaktik işləri görmək lazımdır və artıq bunları görmüşük. Müəllimlərə xəbərdarlıq edilib ki, artıq belə hərəkətlər olmasın. Bundan sonra belə cəhdlərin olmaması üçün fakültələrdə, rektorluqda müəllimlərlə söhbətlər aparılıb, geniş müzakirələr olub. Qalan məsələlər artıq hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq", - Məhərrəmov deyib.

O əlavə edib ki, rəhbərlik etdiyi universitetdə 20 min tələbə oxuyur, bu təhsil müəssisəsinin 4 min əməkdaşı var.

"Əlbəttə ki, əməkdaşlar bəzən çaşqınlıq da edə bilər. Amma bu, Azərbaycanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinə yaraşmayan bir hadisədir. Biz bundan nəticə çıxarmalıyıq", - Məhərrəmov qeyd edib.

Xatırladaq ki, BDU-nun Hüquq fakültəsinin "Cinayət hüququ və kriminalogiya" kafedrasının müəllimi, hüquq elmləri doktoru, professor əvəzi İmanlı Məhəmməd Nağı oğlunun qanunsuz hərəkətləri barədə Bakı şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə müraciət daxil olub. Müəyyən edilib ki, Məhəmməd İmanlı ikinci ali təhsil almaq üçün ona müraciət etmiş Bakı şəhər sakinindən BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinə tələbə kimi qəbul edilməsinə görə 40.000 (qırx min) manat pul tələb edib. O, mayın 5-də yaşadığı Bakı şəhəri, Zabrat qəsəbəsi, A.S.Puşkin küçəsi 6 №-li evdə qeyd olunan külli miqdarda pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Xəbər lenti

Xəbər lenti