Azərbaycan, Bakı, 21 may / Trend müxbir K.Zərbalıyeva/
Zaqatalada baş verən zəlzələlərdən sonra rayonda 5074 tikiliyə dövlət komissiyası tərəfindən baxış keçirilib.
Rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Elman Ramazanov bazar ertəsi Trend-ə bildirib ki, komissiyanın qərarı ilə həmin tikililərdən 1993-nün qəzalı vəziyyətdə olduğu və yenidən tikilməsi barədə qərar verilib.
864 binada bərpa-gücləndirmə işlərinin aparılması, 1037 tikilinin təmir olunması qərara alınıb. 1810 tikilidə isə vəziyyət qənaətbəxş hesab edilib.
Komissiya sədri deyib ki, artıq rayonun Manırx, Gözbarax və Zaqatala şəhər 2 saylı orta məktəbləri üçün binaların tikintisinə başlanılıb.
Rayonda 49 orta məktəbin qəzalı vəziyyətdə olduğunu deyən Ramazanov 14 orta məktəb binasının söküləcəyini bildirib. Onun sözlərinə görə, rayondakı tikililərə dövlət komissiyasının üzvləri tərəfindən baxış yekunlaşandan sonra yuxarıda qeyd olunan rəqəmlərin artması ehtimalı var.
İndiyə olan məlumata görə, rayonun 61 yaşayış məntəqəsində zəlzələdən uçan binaların sayı 612, qəzalı evlərin sayı 7317, qəzalı sosial obyektlərin sayı 236-ya çatıb.
Zəlzələdən uçan və qəzalı vəziyyətə düşən binalarda yaşayan 7938 ailə köçürülüb. İndiyədək 4787 çadır verilib. Çadırlarda 6919 ailə yerləşdirilib, 1019 ailə isə digər yerlərdə yerləşdiriliblər.
İcra başçısının müavini bildirib ki, qəzalı vəziyyətdə olan yaşayış evləri və sosial obyektlərə elektrik enerjisinin verilişi dayandırılıb. Həmin yaşayış məntəqələrində starteji əhəmiyyətli obyektlərə və çadırlara elektrik enerjisi verilir.
Qeyd edək ki, mayın 18-də episentri Zaqataladan 15 km cənubda olan 6 bal gücündə zəlzələ qeydə alınıb. Episentrə yaxın yaşayış məntəqələrində zəlzələ 4-5 bal gücündə hiss olunub.
Zaqatala ərazisində 7 bal gücündə birinci güclü zəlzələ mayın 7-də qeydə alınmışdı.
Zaqataladakı zəlzələlərdən sonra 5 mindən çox tikiliyə dövlət komissiyası tərəfindən baxış keçirilib
Zaqatalada baş verən zəlzələlərdən sonra rayonda 5074 tikiliyə dövlət komissiyası tərəfindən baxış keçirilib.