...

DSMF-nin yaradılmasının 20-ci ildönümü ilə bağlı elmi-praktik konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 8 Oktyabr 2012 15:30 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yaradılmasının 20-ci ildönümü ilə bağlı Qafqaz Univeristetində elmi-praktik konfrans keçirilib.
DSMF-nin yaradılmasının 20-ci ildönümü ilə bağlı elmi-praktik konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yaradılmasının 20-ci ildönümü ilə bağlı Qafqaz Univeristetində elmi-praktik konfrans keçirilib.

Fonddan bazar ertəsi Trend-ə verilən məlumata görə, konfransda DSMF sədri Səlim Müslümov "Azərbaycanın pensiya sistemi: islahat davam edir" mövzusunda təqdimatla çıxış edib. Fondun sədri Azərbaycanda sığorta-pensiya sisteminin ayrı-ayrı dövrlərdəki inkişaf mərhələlərinə toxunub. O vurğulayıb ki, ümumilikdə DSMF-nin 20 illik fəaliyyətini şərti olaraq 4 dövrə bölmək mümkündür: 1992-1995-cı illər, 1996-2002-ci illər, 2003-2005-ci illər, 2006-cı ildən sonrakı dövr. Müslümov bu dövrlərdə sığorta-pensiya sistemində baş verən prosesləri təhlil edərək bildirib ki, 90-cı illərin əvvəlində ölkə iqtisadiyyatının tənəzzülü əhalinin həyat səviyyəsinin ümumiləşdirici göstəricisi olan əhalinin pul gəlirlərinə mənfi təsir edirdi.

"Respublika əhalisinin adambaşına pul gəlirləri hər il orta hesabla 1,4 dəfə azalmış, inflyasiyanın günbəgün sürətlə artması və əhalinin sosial-iqtisadi vəziyyətinin pisləşməsi baş vermişdi. 1995-ci ildən başlayaraq ölkə iqtisadiyyatının, o cümlədən özəl sektorun və sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülmüş ardıcıl işlər nəticəsində əhalinin gəlirlərinin, həmçinin bu gəlirlərin strukturunda sahibkarlıq fəaliyyətindən daxilolmaların xüsusi çəkisi artmağa başlamışdı", - DSMF sədri vurğulayıb.

Onun sözlərinə görə, 1996-2002-ci illəri əhatə edən dövr ərzində pensiya sisteminin yeni şəraitə uyğun qurulmasına zəruri dəyişikliklərə etibarlı iqtisadi baza yaradıldıqdan və demoqrafik baxımdan əlverişli vaxt seçildikdən sonra başlamaq, buna qədər isə əvvəlki həmrəylik və dövlət təminatı sistemlərinə əsaslanmaq, çox çətinliklə başa gəlsə belə, əsas taktiki addımlar kimi seçilmişdi: "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük müdrikliklə müəyyənləşdirdiyi həmin istiqamətlər çərçivəsində, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, habelə vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmış, həm əhaliyə pensiya və müavinətlərin ödənilməsi, həm də digər sosial ödənişlər üzrə xərclərin artımı müşahidə olunmuş, bu sahədə köklü dəyişikliklər baş vermişdi. Həmin illər ərzində aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Prezidentinin 8 fərman və sərəncamı, Nazirlər Kabinetinin 2 qərarı olmuşdu ki, bunların tətbiqi nəticəsində, həmçinin ölkədə əməkhaqlarının artımı hesabına pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə artmışdı".

Müslümov qeyd edib ki, sonrakı mərhələdə (2003-2005-ci illər) sabit və ardıcıl inkişaf tempinin fəaliyyətin əsas meyarı kimi götürülməsi nəticəsində mövcud sosial müdafiə sisteminin bazar iqtisadiyyatı mühitinə uyğunlaşdırılaraq keyfiyyətcə yenidən qurulması, o cümlədən pensiya sisteminin beynəlxalq normalara və inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanan islahatının aparılması sosial siyasətin strateji istiqamətlərindən biri kimi tam gerçəkləşdirilib. Bu məqsədlə 2004-2005-ci illərdə pilot və hazırlıq tədbirləri başa çatdırılıb, 2006-cı ildən sığorta-pensiya sistemi ilə dövlət sosial yardım sistemlərinin bir-birindən ayrılması və beynəlxalq standartlar əsasında fəaliyyət göstərməsi təmin edilib.

2006-cı ildən isə Azərbaycanda müasir tələblərə cavab verən sığorta-pensiya sisteminin fəaliyyəti təmin edilib. Bu gün həmin sistem sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid mexanizm kimi fəaliyyət göstərməkdədir. Yeni sistemin fəaliyyət dövrü ərzində DSMF-nin xərcləri 4,4 dəfə artaraq 2,5 mlrd. manata çatıb. Bu artımlar pensiya xərclərinin ölkənin ÜDM-ə olan nisbətinin artımını şərtləndirib. Müqayisə üçün qeyd olunmalıdır ki, bu göstərici 2003-cü ildə 3,9 faiz təşkil edib və 2003-2011-ci illər ərzində ölkədə 60 yaşdan yuxarı insanların sayı 4 faiz artaraq 810,6 min nəfərə çatdığı halda, ÜDM-in artımı 6 dəfə, pensiya sisteminin xərclərinin artımı isə 7,3 dəfə olub: "Yeni sistemin fəaliyyətə başladığı 2006-cı ildən hazıradək DSMF-nin gəlirləri 4,1 dəfə artıb, sosial sığorta ödəyicisi olan sığortaolunanların sayı 1 milyon 300 min nəfərdən 2 milyon 100 min nəfəri ötüb, sosial sığorta haqqının dərəcələri 29 faizdən 25 faizə endirilib. Əvvəlki sistemlə pensiyaya çıxmış insanların da bu sistemlə əhatə olunması, onların pensiya hüquqlarının qorunmasında sosial ədalətin gözlənilməsi və heç bir məhdudiyyət qoyulmadan yeni şəraitə inteqrasiyası tamamlanıb. 2011-ci ilin 1 iyulundan bu istiqamətdə islahatların sonuncu mərhələsi gerçəkləşdirilib və həmin insanların pensiyalarının əvvəlki sistemin fəaliyyəti dövründəki iş stajları əsasında yenidən hesablanması nəticəsində ortalama 40 faiz artırılıb. Bu islahat tədbirinin illik maliyyə tutumu 500 milyon ABŞ dollarından çox olub. Yeni sistem fəaliyyətə başladığı dövrdən hazıradək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 5,3 dəfə artıb. Ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40 faiz, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti isə 45 faiz təşkil edib".

Müslümov nəzərə çatdırıb ki, pensiya və müavinətlərin ödənişi avtomatlaşdırılıb, hazırda pensiya ödənişi aparılan pensiyaçıların kənd yerlərində 99,0 faizinin, şəhərlərdə 100 faizinin, ümumilikdə isə 99,4 faizinin pensiyasının plastik kartlarla ödənilməsi təmin olunub.

O, Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" çərçivəsində sığorta-pensiya sistemində islahatların davam etdirildiyini vurğulayıb. Hazırda sığorta-pensiya sisteminin 2020-ci və 2040-cı illər üçün perspektiv inkişafı istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə aktuar tədqiqatların aparılması, həmin tədqiqatların nəticələrinə uyğun olaraq maliyyə dayanıqlığının təmin edilməsi üçün tədbirlərin işlənilməsi, pensiya təyinatının avtomatlaşdırılması, sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi, qeyri-dövlət pensiya institutlarının inkişafı, sistemdaxili normaların sərtləşdirilməsi istiqamətlərində islahat tədbirlərinin həyata keçirilməsi üçün müvafiq addımlar atılmaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti