...

Azərbaycanda aviasiya təhlükəsizliyinin təmin edilməsi qaydalarını pozanlar cərimələnəcəklər

Cəmiyyət Materials 11 Dekabr 2012 13:42 (UTC +04:00)
Trend-in məlumatına görə, Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə bu məsələ ilə bağlı dəyişikliklər təsdiq olunub.
Azərbaycanda aviasiya təhlükəsizliyinin təmin edilməsi qaydalarını pozanlar cərimələnəcəklər

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda aviasiya təhlükəsizliyi üzrə əməkdaşın qanuni göstərişlərinə əməl etməyən şəxslər cərimələnəcəklər.

Trend-in məlumatına görə, Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə bu məsələ ilə bağlı dəyişikliklər təsdiq olunub.

Məcəlləyə dəyişikliklərdə qeyd olunur ki, aviasiya təhlükəsizliyi üzrə əməkdaşın qanuni göstərişlərinə əməl etməyən fiziki şəxslər 50, vəzifəli şəxslər 500, hüquqi şəxslər isə 1000 manat miqdarında cərimə ediləcəklər.

Həmçinin, aeroportun ərazisində yerləşən müəssisə, idarə və təşkilatlar və onların işçiləri tərəfindən obyektdaxili rejimin təmin olunmamasına və buraxılış rejiminə riayət edilməməsinə görə vəzifəli şəxslərin 500, hüquqi şəxslərin isə 1000 manat miqdarında cərimələnməsi nəzərdə tutulur.

Hava gəmisinin istismarçısı tərəfindən hava gəmilərinin təhlükəsizliyinin təmin edilməməsinə görə vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 3 min manat miqdarında, aviasiya təhlükəsizliyi üzrə əməkdaş tərəfindən yerdə hava gəmisinin təhlükəsizliyinin təmin edilməməsinə görə vəzifəli şəxslər 1000 manat miqdarında cərimə olunacaqlar.

Həmçinin, hava gəmilərinin yoxlanılması və onlara baxış keçirilməsi qaydasının pozulmasına görə vəzifəli şəxslərin 1000 manat miqdarında cərimələnməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti