Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İ.İzzət /
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı "ASAN xidmət" mərkəzi fəaliyyət göstərdiyi ilk 5 iş gününə (15-19 yanvar) dair statistik məlumatları açıqlayıb.
Agentliyin Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 1 saylı "ASAN xidmət" mərkəzinə ilk iş həftəsində müraciət edənlərin ümumi sayı 1582 nəfər olub. Onlardan 939 nəfərə xidmət göstərilib.
Müraciətlərin əksəriyyəti şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, eləcə də sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı olub.
"ASAN xidmət"ə aid olmayan məsələlərə dair 466 müraciət digər dövlət orqanlarına yönləndirilib. Qeydiyyatdan keçmiş vətəndaşlardan 54-ü xidmətə yaxınlaşmayıb, 123 nəfərə isə müxtəlif məsləhətlər verilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 1 saylı "ASAN xidmət" mərkəzi vətəndaşlara 15 yanvar 2013-cü il tarixindən etibarən xidmət göstərməyə başlayıb. Mərkəzdə hələlik yalnız Bakının Nəsimi və Nərimanov rayon sakinlərinə xidmət göstərilir.