...

Azərbaycanda “donuz qripi”nə qarşı peyvəndə başlanıla bilər

Cəmiyyət Materials 31 Yanvar 2013 12:18 (UTC +04:00)
Əgər Azərbaycanda "donuz qripi"nin yayılması üçün şərait yaranarsa, onda əhalinin müəyyən qruplarının peyvənd olunması məsələsi qoyula bilər.
Azərbaycanda “donuz qripi”nə qarşı peyvəndə başlanıla bilər

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Əgər Azərbaycanda "donuz qripi"nin yayılması üçün şərait yaranarsa, onda əhalinin müəyyən qruplarının peyvənd olunması məsələsi qoyula bilər. Bunu cümə axşamı Trend-ə Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov deyib.

Onun sözlərinə görə, əsasən risk qrupuna daxil olan insanlar peyvənd olunmalıdırlar. Çünki xroniki xəstəliklərdən əziyyət çəkən, immun sistemi zəif olan insanlar, hamilə qadınlar xəstəliyi daha ağır keçirir, onlar xəstəliyə daha tez yoluxa və ağır keçirə bilərlər.

Onun sözlərinə görə, insanlar özlərini adi qripə görə peyvənd etdirə bilərlər. Ancaq hazırda insanların H1N1 virusuna ("donuz qripi") qarşı peyvənd olunması üçün heç bir əsas yoxdur. Çünki Azərbaycanda bu xəstəlik hələ qeydə alınmayıb. Ancaq ölkədə insanlar arasında bu virus qeydə alınarsa, onları vaxtında aşkarlayaraq müalicəyə cəlb etmək mümkün olacaq.

"Rusiyanın bir çox əyalətlərində artıq qrip epidemiya şəklində yayılmağa başlayıb. Ona görə biz də tədbirlər görürük. Bütün tibb müəssisələrində bu məsələ ilə bağlı hazırlıqlar aparılıb", - Qurbanov deyib.

O qeyd edib ki, əgər "donuz qripi"nə yoluxmuş xəstələr aşkarlanarsa, onların Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun xüsusi şöbəsində müalicə edilməsi nəzərdə tutulur. Həmin şöbə tam hazır vəziyyətdədir. Bu müəssisədə pnevmaniya əlamətlərinin qeydə alındığı insanların müalicəsi üçün hər cür şərait yaradılıb.

Direktor müavini insanlara xəstələndikdə mütləq həkimə müraciət etmələrini də tövsiyə edib.

"Gözləmək lazım deyil ki, insanların vəziyyətləri ağırlaşsın. Əgər xəstədə ağırlaşma, yüksək temperatur qeydə alınarsa, xəstə hospitilizasiya edilməlidir. Ondan laborator analiz üçün material da götürülməlidir. Xəstə vaxtında xəstəxanaya çatdırılmasa, onun vəziyyəti daha da ağırlaşa bilər", - Qurbanov deyib.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli isə cümə axşamı Trend-ə bildirib ki, Azərbaycana donuz əti və piyinin idxal edildiyi ölkələrdə donuzlar arasında "donuz qripi" aşkarlanarsa, onda həmin ölkələrdən respublikamıza bu məhsulların gətirilməsinə qadağa qoyula bilər. Hazırda Azərbaycana donuz əti və piyinin daha cox hissəsi Avropa ölkələrindən, az bir hissəsi isə Kanadadan gətirilir.

Xanvəlinin sözlərinə görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, hələlik heç bir ölkədə donuzlar arasında H1N1 virusu aşkar edilməyib. Bu yaxınlarda Azərbaycanda donuzçuluq təsərrüfatlarında aparılmış monitorinqlər zamanı ölkədə donuzlar arasında bu virusun olmadığı bir daha təsdiqlənib.

Xidmət rəsmisi bildirib ki, Azərbaycanda donuz əti və piyi kolbasa, sosiska istehsalında istifadə edilir. Həmin məhsulların ölkəyə idxalının dayandırılması istehsalçılar üçün də problemlər yarada bilər.

"Hazırda Azərbaycana xacrici ölkələrdən donuz əti və piyinin idxalının dayandırılmasına əsas yoxdur. Ancaq şübhəsiz ki, donuzlar arasında bu virus aşkarlanarsa, onda idxalı dayandıracağıq", - Xanvəli deyib.

O, qeyd edib ki, heyvanlar arasında bu xəstəliyin qeydə alınacağı təqdirdə, ona qarşı mübarizə aparmaq üçün kifayət qədər dezinfeksiyaedici materiallar var.

Qeyd edək ki, bir sıra Avropa ölkələrində, eləcə də Azərbaycanla qonşu olan İran, Rusiya və Trükiyədə son vaxtlar insanlar arasında "donuz qripi"nə yoluxma halları baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti