...

Qanunsuz tikilmiş evləri necə qanuniləşdirmək olar?

Cəmiyyət Materials 16 Aprel 2013 12:40
Sənədsiz evlərin qeydiyyatı, yəni həmin evlərə mülkiyyət hüququnun tanınması hansı qaydada aparılmalıdır?
Qanunsuz tikilmiş evləri necə qanuniləşdirmək olar?

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Sənədsiz evlərin qeydiyyatı, yəni həmin evlərə mülkiyyət hüququnun tanınması hansı qaydada aparılmalıdır?

Azərbaycan Hüquq İslahatları Mərkəzi (AHİM) İctimai Birliyinin sədri, Vəkillər Kollegiyasının rəyasət heyətinin üzvü Anar Bağırov ilk olaraq özbaşına tikili anlayışına aydınlıq gətirib.

O bildirib ki, Mülki Məcəlləyə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmçinin şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş tikili də özbaşına tikinti sayılır. Bağırov deyir ki, bir qayda olaraq özbaşına tikinti aparmış şəxs həmin tikintiyə mülkiyyət hüququ əldə etmir.

Vəkil bildirib ki, özbaşına tikintiyə mülkiyyət hüququnun məhkəmə yolu ilə tanınması mümkündür. Onun sözlərinə görə, Mülki Məcəllə özbaşına tikintiyə mülkiyyət hüququnun tanınmasının ilkin şərti kimi həmin tikintinin yerləşdiyi torpaq sahəsinin şəxsin mülkiyyətində olması tələbini təsbit edir.

"Özbaşına tikintinin yerləşdiyi torpaq sahəsinin dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olması mümkündür. Bu halda mülkiyyət hüququnun tanınmasından deyil, mülkiyyət hüququnun əldə edilməsindən söhbət gedə bilər. Torpaq sahəsinə mülkiyyət hüququnun əldə edilməsi müvafiq torpaq qanunvericiliyi ilə tənzimlənir. Məsələn, Torpaq Məcəlləsinin XIII fəsli torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi qaydasını tənzimləyir. Əgər özbaşına tikinti başqa şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa edilibsə, onda özbaşına tikintini inşa etmiş şəxs torpaq sahəsini həmin şəxsdən əldə etməlidir. Həmin torpaq sahəsinə sərəncam verib-verməmək isə mülkiyyətçinin hüququdur", - o deyib.

Vəkilin sözlərinə görə, özbaşına tikinti aparılmış torpaq sahəsinin mülkiyyət sənədinin olması tikilmiş evin sənədləşdirilməsi prosesinin ilkin şərtidir.

Belə ki, mülki qanunvericiliyin tələbinə görə, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

"Göründüyü kimi, əvvəla, sənədsiz tikilmiş evə mülkiyyət hüququ məhkəmə tərəfindən tanına bilər. İkincisi, tanınma üçün evin tikildiyi torpaq sahəsi şəxsin xüsusi mülkiyyətində olmalıdır. Üçüncüsü, sənədsiz evin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmamalı və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmamalıdır. Məsələn, torpaq və onun üzərindəki ev kommunikasiya xəttinin üzərində və ya altındadırsa, buna heç bir hüquqi sənəd verilmir. Çünki istənilən an bu, həmin vətəndaş üçün təhlükə yaradacaq", - Bağırov bildirib.

Vəkilin sözlərinə görə, özbaşına tikintiyə mülkiyyət hüququnun tanınmasını tələb edən şəxs aşağıdakı halları (faktları) məhkəmədə sübut etməlidir.

1) özbaşına tikintinin yerləşdiyi torpaq sahəsinin şəxsin xüsusi mülkiyyətində olması faktı; 2) özbaşına tikintinin şəhərsalma, tikinti, ekoloji, yanğın təhlükəsizliyi tələblərinə və digər norma və qaydalara uyğunluğu faktı; 3) özbaşına tikintinin digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmaması faktı; 4) özbaşına tikintinin fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmaması faktı.

Bağırov, həmçinin qeyd edib ki, məhkəməyə müraciət etmiş şəxs iddia ərizəsinə aşağıdakı sübutları əlavə etməlidir:

1) torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd (məsələn, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış); 2) özbaşına tikintinin iddiaçı tərəfindən aparıldığını təsdiq edən sənəd (məsələn, podrat müqaviləsi, təhvil-təslim aktı, tikintiyə çəkilmiş xərcləri təsdiq edən qəbzlər); 3) özbaşına tikintinin sanitar-epidemioloji, yanğın təhlükəsizliyi, texniki, ekoloji normalara uyğunluğunu təsdiq edən sənədlər (məsələn, müvafiq səlahiyyətli orqanın rəyi); 4) özbaşına tikintinin saxlanmasının digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərinin pozmamasını təsdiq edən sənədlər və s.

Vəkilin sözlərinə görə, sözügedən sübutların siyahısı təxmini xarakter daşıyır və tam deyil. İşin faktiki hallarından asılı olaraq əlavə sənədlər tələb oluna bilər.

Hüquqşünas deyir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun tələbinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Bu halda daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı isə məhkəmə qərarı ilə müəyyən edilir.

"Həmin qanunda qeyd olunur ki, tikiliyə mülkiyyət hüququnu tanıdıqdan sonra, vətəndaş tikilini qeydiyyata almaq üçün Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinə müraciət etməlidir.

Bunun üçün həmin quruma verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün məhkəmə qərarı; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; dövlət rüsumunun ödənilməsi barədə qəbz",- Bağırov deyib.

Vəkil qeyd edib ki, "Dövlət rüsumu haqqında" qanunun tələbinə görə, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün 30 manat, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün 50 manat dövlət rüsumu ödənilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti