...

Şamaxı Astrofizika Rəsədxanası Günəşdəki partlayışın Yerə təsirinə aydınlıq gətirib

Cəmiyyət Materials 14 May 2013 11:37 (UTC +04:00)
Günəşdə baş verən son alışmalar nəticəsində atılan qaynar plazma kütləsi Yerə doğru yönəlməyib.
Şamaxı Astrofizika Rəsədxanası Günəşdəki partlayışın Yerə təsirinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir İ.İsabalayeva/

Günəşdə baş verən son alışmalar nəticəsində atılan qaynar plazma kütləsi Yerə doğru yönəlməyib.

Bunu çərşənbə axşamı Trend-ə Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev deyib:

"Günəşin biz tərəfdən görünən diskində 1748 nömrəli iri bir ləkə qrupu meydana gəlib. Ardıçıl olaraq, 3 cox güclü Günəş alışması generasiya edib. Bunların hər biri X-1, X-2 və X-3 sinfinə aiddirlər. Əlverişli olan budur ki, bu alışmadan sonra atılan qaynar plazma kütləsi Yerə doğru yönəlməyib".

E.Babayev alışmadan sonra atılan qaynar plazma kütləsinin Yerə doğru yönəlməməsinin səbəbini 1748 nömrəli ləkə qrupunun Günəş diskininin kənarında yerləşməsi ilə izah edib.

Onun sözlərinə görə, əgər bu plazma atılması mərkəzə yaxın hissədən olsaydı, onda onun təsiri geoeffektiv olardı.

"Ola bilər ki, bu, müəyyən qədər Merkuriyə təsir etsin. Ancaq bir məsələ var. Bu ləkə firlanıb gəlir. Mərkəzə doğru yaxınlaşdıqca, oradakı alışmalar geoeffektiv ola bilər".

Qeyd edək ki, xarici KİV-in verdiyi məlumata görə, son iki gündə Günəşdə sayca üçüncü güclü partlayış baş verib. X-3 sinfindən olan növbəti partlayış sayca üçüncüdür. Partlayış Bakı vaxtı ilə səhər saat 06:00-da qeydə alınıb. Xarici KİV-in yazdığına görə, buraxılan kütlə Yerətrafı məkana mayın 17-18-də çatacaq və maqnit qasırğası yarada bilər.

Qeyd edək ki, Günəş partlayışları Rentgen şüalanmasının gücündən asılı olaraq A, B, C, M və X olmaqla 5 sinfə bölünür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti