Azərbaycan, Bakı, 22 may /Trend, müxbir E.Mehdiyev/
Gələcəkdə "Diffamasiya haqqında" qanununa qayıdacağıq, bunun Azərbaycan cəmiyyətində qəbulu və tətbiqi məsələlərinə baxacağıq. Amma təəssüflər olsun ki, bu qanunun qəbul olunması təşəbbüsünü Azərbaycan cəmiyyətində bəzən anlamırlar və düzgün olmayan şəkildə də izah etmirlər.
Trend-in məlumatına görə, bu barədə "İnsan hüquqları üzrə islahatlar: Diffamasiya haqqında qanunvericilik perspektivləri" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib:
"Xüsusilə də bu sahə ilə məşğul olan media təşkilatlarını nəzərdə tuturam. Ona görə bu qanunun əsas fəlsəfəsinə, məqsəd və mahiyyətinə diqqət yetiriləcək. "Diffamasiya haqqında" qanuna Azərbaycanda fəaliyyət göstərən peşəkar, məsuliyyətli və peşəsinin şərəfinə sayğı ilə yanaşan jurnalistlər üçün əlavə yaradıcılıq imkanı kimi baxırıq. Bu qanunun peşə şərəfini qoruyan jurnalistlərin fəaliyyətini daha da genişləndirmək məqsədi daşıyır. Bu qanun heç zaman elə təbliğ olunmamalıdır ki, sanki qanunun qəbulundan sonra Azərbaycan cəmiyyətində kim-kimi istəyir və necə gəldi təhqir edə bilər, şərəf və ləyaqəti təhqir oluna bilər. Bu, tamamilə yanlış fikir və təqdimatdır. Qanunlarımızda insanların şərəf və ləyaqətinin tapdanması cinayət kimi həmişə qalacaq, bu cəmiyyətin, qurduğumuz dövlətin əsas prinsiplərindən biridir. Çünki insanlar kiminsə şərəfini tapdaladığına görə məsuliyyətini bilməlidir. Məsuliyyət nə qədər sərt olarsa, bir o qədər bizim cəmiyyət üçün keçərli olacaq".
Əli Həsənovun sözlərinə görə, bu azad sözə geniş imkan yaratmaq, şəffaflıq şəraiti yaratmaq məqsədi daşıyır:
"Yoxsa, bu gün Milli Məclisin şərəf və ləyaqətin təhqiri ilə bağlı cəza tədbirlərinin sərtləşdirilməsini bəziləri mətbuat və söz azadlığının sərtləşdirilməsi kimi təqdim edirlər. Qətiyyən belə deyil. Azərbaycanda mətbuat və söz azadlığının təminatı tamam başqa qanunla həyata keçirilir. Mətbuat, teleradio haqqında qanunlar var və jurnalistika ilə bağlı əxlaq məcəlləsi var. Bu prinsiplərə əməl edən hər bir jurnalist istənilən sahəyə müdaxilə edə bilər, informasiya toplaya, yaya, təhlil edə bilər. "Diffamasiya haqqında" qanun da ona yönəlib ki, bəzən jurnalistlər bilərəkdən və ya bilməyərəkdən informasiya yanlışlığına yol verirlər".