Azərbaycan, Bakı, 5 iyul / Trend, müxbir S.Əhmədova /
Azərbaycan Diplomatik Akademiyasının 24 tələbə və 5 müəllimdən ibarət nümayəndə heyətləri Azərbaycanın Afrika qitəsinə sərmayə yatırmaq imkanlarını və potensialını dəyərləndirmək məqsədilə dörd ölkəyə - Cənubi Afrika Respublikası, Namibiya, Botsvana və Anqolaya səfər ediblər. Bu barədə Trend-ə ADA-nın İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin dekanı Anar Vəliyev bildirib.
Vəliyev qeyd edib ki, "Capstone" adlandırılan sinif çərçivəsində ADA-nın tələbə və müəllim heyətinin Afrika qitəsinə səfərinin məqsədi Afrikaya sərmayə yatırılması məqsədilə azərbaycanlı iş adamları üçün mövcud olan imkanlarla tanış olmaq idi:
"Layihə çərçivəsində yanvar-aprel aylarında ADA-nın tələbələri Afrika qitəsinin dörd ölkəsi - Anqola, Namibiya, Botsvana və Cənubi Afrika Respublikası barədə informasiya toplayaraq hesabat hazırlamağa başlayıblar. Artıq aprel ayında hesabatın 90 faizi hazır idi. Hesabatı bitirmək məqsədilə 24 tələbə və 5 müəllimin daxil olduğu 4 nümayəndə heyəti Afrika qitəsinə gedərək, oradakı mövcud imkanlarla tanış olub və onları dəyərləndirib".
Səfərin əsas məqsədi iş adamları ilə görüşmək, həmin ölkələrin Xarici İşlər nazirliklərində, parlamentlərində görüşlər keçirmək, müxtəlif biznes təşkilatlarında olmaq və Azərbaycanın həmin ölkələrə sərmayə yatırması və digər məsələlərdə əməkdaşlıq perspektivlərini araşdırmaq, bir sözlə Afrika qitəsini Azərbaycan üçün açmaq idi.
Vəliyev qeyd edib ki, "nümayəndə heyətləri mayın 5-dən 12-ə kimi müxtəlif ölkələrdə iş adamları, xarici işlər nazirləri, Prezident aparatlarının nümayəndələri və digərlərilə görüşlər keçirib və müxtəlif universitetlərlə tanış olublar".
O bildirib ki, ADA-nın planlarına yaxın zamanda böyük bir konfrans keçirərək afrikalı iş adamlarını Azərbaycana gətirmək, onların Azərbaycanın iş adamları ilə əməkdaşlığına şərait yaratmaqdır.
Vəliyev, həmçinin "Casptone" sinfi barədə məlumat verərək bildirib ki, tələbələr ADA-nın Beynəlxalq Əlaqələr və Diplomatiya magistr proqramı çərçivəsində 2 il təhsil alırlar. Sonuncu semestrdə isə "Capstone" adlandırılan sinfə başlayırlar. Bu sinifdə ikiillik magistr təhsili müddətində əldə olunmuş biliklər tətbiq olunur.
Anar Vəliyev həmçinin vurğulayıb ki, ADA və bir sıra xarici ölkələrin universitetləri arasında tələbə mübadiləsi proqramları həyata keçirilir:
"Miçiqan Universiteti, Litvanın Vitautas Maqnus Universiteti, Uelsdə Aberistuit Universiteti, Budapeştdə Korvinus Universiteti, Şotlandiyada Qlazqo Universiteti, Koreyanın Xarici Dillər Universiteti və bir sıra digər ölkələrin universitetləri ilə tələbə mübadiləsi həyata keçirilir. Artıq yanvar ayında ADA-nın bəzi tələbələri bu universitetlərə gedəcəklər".
ADA-nın digər layihələri barədə danışarkən Vəliyev qeyd edib ki, bu il ADA-da ictimai siyasət üzrə yeni magistr proqramı başlayıb. O, həmçinin dövlət və ictimai əlaqələr, informasiya texnologiyaları, iqtisadiyyat üzrə açılan yeni bakalavr proqramları barədə də məlumat verib.