Azərbaycan, Bakı, 17 iyul /Trend/
"Təmiz Şəhər" ASC tullantıların təkrar emalı sahəsində regionda ilk sənaye parkının qurulması və investorların cəlb olunması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirmişdir.
Trend-in məlumatına görə, Balaxanı Sənaye Parkı təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaratmaqla ölkədə "yaşıl biznes"in, əsasən də tullantıların təkrar emalı sənayesini inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli Sərəncamına əsasən təsis edilmiş və 19 dekabr 2012-ci il tarixində dövlət başçısı tərəfindən təməli qoyulmuşdur. Sənaye Parkı ilə bağlı bu günədək bir çox tədbirlər görülmüşdür. Belə ki, "Ernst&Young" şirkəti tərəfindən Parkın texniki-iqtisadi əsaslandırılması sənədi hazırlanmış, Park üçün ayrılmış 7 hektarlıq ərazidə geoloji tədqiqat işləri aparılmış, tikinti-inşaat işlərinə hazırlıq məqsədilə torpaq işləri görülmüş və hasarlanma işləri aparılmış, sənaye parkının nümunəvi əsasnaməsi hazırlanmış, parkın korporativ təşviqat materialları hazırlanmış, Azərbaycan və ingilis dilində Parkın rəsmi internet səhifəsi (www.bsp.az) istifadəyə verilmişdir. Hazırda Sənaye Parkın layihə-smeta sənədləri hazırlanır və cari ilin sonunda tikinti-inşaat işlərinin başlanılması planlaşdırılır.
Bu işlərlə yanaşı, potensial sahibkarların cəlb olunması üzrə kompleks tədbirlər görülməyə başlanmış və bu istiqamətdə nailiyyətlər əldə edilmişdir. Belə ki, Balaxanı Sənaye Parkında məişət tullantılarının tərkibində mövcud olan təkrar emala yararlı materialların ümumi kütlədən ayrılaraq təkrar emalı ilə yanaşı, qeyri-məişət tullantıları hesab edilən avtomobil şinləri, elektrik və elektron cihazlar, məişətdə əmələ gələn təhlükəli tullantılar və digər tullantı növlərinin emalının təşkili planlaşdırılır. Bu istiqamətdə "Təmiz Şəhər" ASC qeyri-məişət tullantısı hesab edilən elektrik və elektron tullantıların sənaye parkında təkrar emalı məqsədilə Türkiyədə tullantıların emalı sahəsində böyük təcrübəyə malik "Exitcom Recycling" şirkəti ilə anlaşma memorandumu imzalamışdır. İlkin mərhələdə, adı çəkilən tullantıların böyük müəssisələrdən toplanması və emalı nəzərdə tutulur. Bununla əlaqədar elektrik və elektron tullantıların toplanması ilə bağlı artıq "Azercell Telekom" MMC, "PAŞA Holding" MMC kimi böyük şirkətlərlə danışıqlara başlanmışdır.
Növbəti mərhələdə isə bu cür tullantıların əhalidən kütləvi şəkildə toplanması məqsədilə İqtisadi İnkişaf Nazirliyinin rəhbərliyi ilə dövlət işçi komissiyası yaradılmışdır. Bu prinsip istehsalçıların istehsal etdikləri məhsulun ən son mərhələyə, yəni onların utilizasiyası və təkrar emalınadək məsuliyyət daşımasını təmin edir.
Beləliklə, müasir dövrdə elektrik və elektron tullantıların Balaxanı Sənaye Parkında düzgün şəkildə emal olunması resurslara və enerjiyə qənaət, xammal idxalı asılılığının azaltmaqla ölkədə "yaşıl iqtisadiyyat"ın inkişafına təkan verəcək, ətraf mühit və insan səhhətinə mənfi təsirləri və riskləri azaltmış olacaqdır.
Qeyd edək ki, Balaxanı Sənaye Parkında təkrar emal sənayesini inkişaf etdirmək istəyən müəssisələr üçün investisiya, vergi güzəştləri və üstünlüklər tətbiq edilir. Ümumiyyətlə parkın coğrafi mövqeyi, nəqliyyat qovşağına yaxın məsafədə yerləşməsi, həm daxili, həm də xarici bazarlara yaxınlığı əldə olunmuş təkrar xammal və ya istehsal edilmiş məhsulların asanlıqla son istifadəçiyə çatdırılmasına imkan verir. Həmçinin, Parkın daxili və xarici infrastrukturu sahibkarlar üçün əlverişlidir. Rezidentlər elektrik, su, kanalizasiya, qaz və istilik təchizatı, telefon xətti, ADSL internet bağlantısı kimi kommunal xidmətlər və yük maşınları üçün tərəzi, anbar, bank, poçt, təmir emalatxanası və s. daxili xidmət vasitələrindən faydanlanacaqlar.