Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir E.Mehdiyev/
Müxtəlif dinlər və dini təriqətlərə məxsus insanlar həmişə Azərbaycan ərazisində mehriban şəraitdə bir yerdə yaşayıblar. Trend-in məlumatına görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiyasiyasının 2-ci "Dəyişən Dünyada Cənubi Qafqaz" adlı forumda çıxışı zamanı deyib.
E.İskəndərov qeyd edib ki, Azərbaycanda tolerantlıq yeni məsələ deyil, tolerantlılğın tarixi qədim dövrlərə gedib çıxır və bunun əsas səbəblərindən biri Azərbaycanın "Böyük İpək Yolu"nun üzərində yerləşməsidir.
E.İskəndərov qeyd edib ki, uzun müddət "Böyük İpək Yolu"nda yerləşən ölkələrin sakinləri mehriban şəraitdə bir yerdə yaşayıblar və ticarət əlaqələri aparıblar: "Azərbaycanda tolerantlığın qədim tarixə malik olmasının digər başlıca səbəbi də Azərbaycan ərazisində müxtəlif dinlərin və dini təriqətlərin təşəkkül tapmasıdır. Bunun nəticəsidir ki, bu gün Azərbaycan ərazisində müxtəlif dinlərə və dini təriqətlərə məxsus insanlar mehriban şəraitdə bir yerdə yaşayırlar".
E.İskəndərov bildirib ki, Azərbaycanda bütün dinlərə mənsub insanlara bərabər şərait yaradılır.