...

Azərbaycanın hüquq-mühafizə orqanlarındakı korrupsiya faktlarının statistikası açıqlanıb

Cəmiyyət Materials 24 Sentyabr 2013 14:01 (UTC +04:00)
Bu il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə Azərbaycandakı hüquq-mühafizə orqanlarında korrupsiya faktları ilə bağlı 46 material daxil olub. Onlardan 34-ü üzrə cinayət işi başlanılıb və hazırda istintaqı davam etdirilir.
Azərbaycanın hüquq-mühafizə orqanlarındakı korrupsiya faktlarının statistikası açıqlanıb

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İ.İzzət/

Bu il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə Azərbaycandakı hüquq-mühafizə orqanlarında korrupsiya faktları ilə bağlı 46 material daxil olub. Onlardan 34-ü üzrə cinayət işi başlanılıb və hal-hazırda istintaqı davam etdirilir. Bunu Trend-in sorğusuna cavabında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bildirib.

İdarə rəisi qeyd edib ki, "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda digər dövlət qurumları, xüsusən də hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqələrin həyata keçirilməsi nəzərdə tutulur. Həmin sənədin tələblərinə uyğun olaraq hüquq-mühafizə orqanlarından başqa digər qurumlarda, məsələn, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digərlərində korrupsiya ilə mübarizə ilə məşğul olan müvafiq qurumlar yaradılıb: "Həmin qurumlar öz əməkdaşları barəsində xidməti yoxlamalar aparırlar. Əgər korrupsiya cinayətləri mövcud olarsa, onlar toplanmış materialları hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərirlər."

Kamran Əliyevin sözlərinə görə, hüquq-mühafizə orqanlarında isə belə daxili təhlükəsizlik xidmətləri artıq 2005-2006-ci illərdən fəaliyyət göstərir və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi onlarla əməkdaşlıq edir: Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Fövqəladə Hallar Nazirliyində və digər hüquq-mühafizə orqanlarının hamısında belə qurumlar var. Onlar da öz əməkdaşları barəsində xidməti yoxlamalar aparırlar: Çünki hüquq mühafizə orqanları korrupsiyaya qarşı həssas qurumlardır. Hüquq-mühafizə orqanlarında korrupsiyaya qarşı daim mübarizə aparılır. Çünki biz bilirik ki, bu, ən mühüm sahələrdən biridir. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində də daxili təhlükəsizlik xidməti yaradılıb. O, gündəlik olaraq digər hüquq-mühafizə orqanlarının daxili təhlükəsizlik qurumları ilə sıx fəaliyyət göstərir."

İdarə rəisi son illər hüquq mühafizə orqanlarında korrupsiya cinayətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olan faktların statistikasını da açıqlayıb:

"2010-cu ildə Baş prokurorluğa korrupsiya ilə bağlı Fövqəladə Hallar Nazirliri, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi,Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi tərəfindən 14 material daxil olub, onlardan 13-ü üzrə cinayət işi başlanılıb. 2011-ci ildə 22 material daxil olub və 19 cinayət işi başlanılıb. 2012-ci ildə 29 material daxil olub, 27 cinayət işi başlanılıb. Sentyabr ayı da daxil olmaqla 2013-cü ildə isə idarəyə 46 material daxil olub. Bunlardan 34-ü üzrə cinayət işi başlanılıb və hazırda istintaqı davam etdirilir."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti