Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
İnsanların gələcək professional karyera qurması üçün əlverişli zəminin yaradılması təhsil sisteminin prioritet hədəfləri sırasındadır. Trend-in məlumatına görə, bunu Amerika-Azərbaycan Ticarət Palatasının (AMCHAM) təşkilatçılığı ilə keçirilən işgüzar görüşdə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, təhsilin bütün pillə və səviyyələr üzrə inkişafı Təhsil Nazirliyinin qarşısında duran əsas vəzifələrdəndir. İnsanların gələcək professional karyera qurması üçün əlverişli zəmin yaradılması təhsil sisteminin prioritet hədəfləri sırasındadır. Bunun üçün təhsil müəssisələri ilə biznes qurumları arasında əlaqələrin genişləndirilməsi olduqca əhəmiyyətlidir. Biznes dünyası sosial məsuliyyətlilik prinsiplərinə sadiq qalaraq gənclərin gələcək professional inkişafına dəstək vermək məsələsində də fəal olarsa, daha yaxşı nəticələr əldə etmək mümkündür.
M.Cabbarov təhsil müəssisələrinin fəaliyyətinin, əsasən, nəzəri biliklər, biznes qurumlarının isə təcrübə qazanmaq baxımından əhəmiyyətinə toxunub, yalnız nəzəriyyə ilə praktikanın vəhdətinin uğura apardığını bildirib. AMCHAM üzvləri olan biznes qurumlarını tələbələrə təqaüd verilməsi, yay təcrübə proqramlarının təşkili məsələlərində xüsusilə fəal olmağa səsləyən təhsil naziri tələbələrin təlim imkanlarının artırılması, işləməsi və məzun olduqdan sonra məşğulluğunun təmin olunması prosesinin dəstəklənməsi təşəbbüsü ilə çıxış edib.
Təhsil Nazirliyinin ilk peşə-ixtisas təhsilinin müasir tələblər səviyyəsində inkişafına nail olmaq üçün kompleks tədbirlər həyata keçirdiyini bildirən nazir bu baxımdan Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirildiyini söyləyib. Təhsil naziri deyib ki, ilk peşə-ixtisas təhsil sahəsində qabaqcıl təcrübəyə malik bir sıra ölkələrlə əməkdaşlığın nəticəsi olaraq peşə təhsili müəssisələrində mühüm yeniliklərin tətbiqinə başlanıb. Təhsil Nazirliyi biznes dünyasının da bu layihələrə qoşulmasının və texniki-maliyyə dəstəyi verməsinin tərəfdarıdır.
Biznes qurumları ilə əməkdaşlığa cəlb olunmuş insanların, ilk növbədə, təhsilinə yardım edilməsi ənənəsinin genişləndirilməsinin əhəmiyyətinə toxunan M.Cabbarov onu da qeyd edib ki, nazirlik biznes qurumlarından gələn təşəbbüsləri dəstəkləyir və hər zaman qarşılıqlı əməkdaşlığa hazırdır.