...

Azərbaycan hüquqşünaslarından ibarət qrup ATƏT-in layihəsi çərçivəsində Niderlandda səfərdə olub (FOTO)

Cəmiyyət Materials 18 Noyabr 2013 16:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

ATƏT-in layihəsi çərçivəsində bir qrup hüquqşünas heyəti Niderlanda səfər edib.

Noyabr ayının 11-dən 16-na kimi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) "Azərbaycanda ədalət mühakiməsinə çatımlığın gücləndirilməsi" layihəsi çərçivəsində bir sıra hüquqşünaslardan ibarət nümayəndə heyəti Niderlanda səfər edib. Səfərin əsas məqsədini Niderlandın pulsuz hüquqi yardım sistemi ilə tanışlıq təşkil edib. Niderlandın Utrext, Haaqa, Eyndhoven şəhərlərinə olan səfərlər çərçivəsində ölkənin Təhlükəsizlik və Ədliyyə Nazirliyində, Xarici İşlər Nazirliyində, Hüquqi Yardım İdarəsində, Beynəlxalq Hüquqi Əməkdaşlıq Mərkəzində, Niderlandın Vəkillər Kollegiyasında və bir sıra digər qurumlarda maraqlı görüşlər keçirilib, əhəmiyyətli mövzularda müzakirələr aparılıb.

Səfərdən Vətənə qayıdan nümayəndə heyətinin üzvü, "Azərbaycan Hüquq İslahatları Mərkəzi" ictimai birliyinin sədri, eyni zamanda, "Hüquqi yardım haqqında" qanun layihəsinin hazırlanması üzrə QHT-lərin işçi qrupunun rəhbəri Anar Bağırov bildirib ki, səfər onlar üçün çox uğurlu və səmərəli keçib. O, qeyd edib ki, Niderland mövcud hüquq sisteminə görə dünyanın ən qabaqcıl ölkələrindəndir. Niderlandda dövlət büdcəsindən hər il 435 milyon avro vətəndaşlara pulsuz hüquqi yardım verilməsi üçün ayrılır. Eyni zamanda, Niderlandda dövlət hesabına göstərdiyi hüquqi yardıma görə vəkilə hər saatına 100 avro verilir. Qeyd edək ki, Azərbaycanda bu məbləğ 2 manat təşkil edir.

A.Bağırov daha bir maraqlı faktı qeyd edib. Belə ki, bu yaxınlarda Niderland hökuməti vəkillərə hər saata görə verilən 100 avroluq məbləği 70 avroya endirmək istədiyi üçün niderlandlı vəkillər bir neçə günlük tətilə çıxıblar. Bundan başqa, Niderlandda hüquqi yardım idarələri elə yerlərdə fəaliyyət göstərir ki, ölkə ərazisinin istənilən hər hansı nöqtəsində yaşayan vətəndaş həmin idarəyə maksimum 1 saat ərzində çata bilər.

İctimai birliyin sədri qeyd edib ki, bu hüquqi yardım idarələri (vətəndaşlara pulsuz hüquqi yardım göstərir) Niderlandın Təhlükəsizlik və Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərirlər. Niderlandın ödənişsiz hüquqi yardım sistemi ilə və ümumiyyətlə, hüquq sistemi ilə tanışlıq, gələcəkdə Azərbaycanda da bu təcrübədən istifadə etmək üçün çox əlverişli və məqsədəuyğundur. A.Bağırov hesab edir ki, Niderland kimi hüquq sahəsində inkişaf etmiş ölkənin təcrübəsindən istifadə etmək və bunu ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarına tətbiq etmək hüquq sistemimizə çox müsbət təsir göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti