Azərbaycan, Bakı, 22 noyabr /Trend/
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankı ilə birgə icra olunan "Sosial müdafiənin inkişafı" layihəsinin "Kvalifikasiya - standartları və təlim materiallarının hazırlanması" tapşırığı üzrə görülən işlərə dair ilk iclas keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının, özəl sektorun və ali təhsil müəssisələrinin nümayəndələrinin iştirak etdiyi iclasda kvalifikasiya standartlarının hazırlanması üzrə ekspert qrupunun ötən dövr ərzində apardığı araşdırmanın nəticələri və kvalifikasiya standartı üzrə hazırlanmış ilkin struktur təqdim edilib.
Bildirilib ki, Belçikanın "IBF International" şirkəti tərəfindən qeyd olunan standartların və təlim materiallarının hazırlanması sahəsində artıq müvafiq işlərin görülməsinə başlanıb. İlk növbədə, bu sahədə yerli vəziyyət beynəlxalq təcrübə ilə müqayisəli şəkildə təhlil edilib və Azərbaycanda bu işlərin aparılması üçün konseptual əsaslandırma, eyni zamanda, kvalifikasiya standartları hazırlanacaq peşələrin ilkin siyahısı tərtib olunub. Tapşırığın icrası dövründə, yəni 2014-cü ilin dekabr ayınadək 100 kvalifikasiya standartı və təlim materialının hazırlanması nəzərdə tutulur. Həmin standartlar "Sosial müdafiənin inkişafı" layihəsi çərçivəsində 2010-2013-cü illərdə hazırlanmış 200 peşə standartı əsasında yaradılacaq.
İclasda özəl sektor təmsilçiləri belə standartların hazırlanmasının onların tələblərinə uyğun olduğunu, həmçinin bunun səriştəli kadrların düzgün müəyyən edilməsində səmərəli alətlərdən olduğunu vurğulayıblar. Həmçinin qeyd olunub ki, kvalifikasiya - şəxsin müvafiq standartlara uyğun bacarıqlara malik olduğunun sertifikat və ya diplom vasitəsilə rəsmi şəkildə təsdiq edilməsidir. Kvalifikasiya standartlarının hazırlanması təhsil və təlimin iqtisadiyyatın ehtiyaclarına uyğun qurulması və uzunmüddətli dövrdə işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması, əmək məhsuldarlığının yüksəldilməsidir.