...

Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin direktoru vəzifəsindən azad edilib

Cəmiyyət Materials 6 Fevral 2014 13:26 (UTC +04:00)
Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin direktoru və 14 əməkdaşı tutduqları vəzifədən azad edilib.
Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin direktoru vəzifəsindən azad edilib

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir İ.İsabalayeva/

Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin direktoru və 14 əməkdaşı tutduqları vəzifədən azad edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, departamentin 7 əməkdaşına töhmət verilib, 1 nəfər isə aşağı vəzifəyə keçirilib. Buna səbəb isə iş fəaliyyətinin qeyri-qənaətbəxş təşkili, işçilərin fəaliyyətinə nəzarətin lazımi səviyyədə həyata keçirilməməsi, xidməti ərazidə ekoloji qanunvericiliyin tələblərinin pozulması, xüsusilə yaşıllıqların məhv edilməsinə qarşı zəruri tədbirlər görülməməsi, daxil olan məlumat, ərizə və şikayətlərin araşdırılmasında, inzibati xəta haqqında qərarların qəbul edilməsi zamanı ciddi nöqsan və qanunsuzluqlara yol verilməsidir.

Ətraf Mühitin Mühafizəsi Departamenti tərəfindən aparılan araşdırmalar zamanı bir sıra Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrinin fəaliyyətlərində də nöqsanlara və qanun pozuntularına yol verildiyi aşkar olunub. Araşdırmaların nəticələrindən asılı olaraq, nazirliyin müvafiq əmrləri ilə 9 əməkdaş, o cümlədən fəaliyyətlərində yol verdikləri ciddi pozuntulara görə 5 məsul şəxs - 5 və 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrinin rəisləri, 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin hüquq məsələləri üzrə baş məsləhətçisi, 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin rəis müavini və ətraf mühitin mühafizəsinə nəzarət sektorunun müdiri tutduqları vəzifədən azad edilib. 1, 2, 3, 4, 5 və 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrinin ümumilikdə 38 əməkdaşı barəsində intizam tənbeh tədbirləri görülüb.

Goranboy, Zaqatala, Cəlilabad və Şamaxı Meşə Mühafizəsi və Bərpası müəssisələrinin direktorları, habelə Qusar və Cəlilabad MMBM-lərin baş meşəbəyləri tutduqları vəzifədən azad edilib.

Ümumilikdə, nazirlik və departamentin nomenklaturasına aid olan 166 nəfər cavabdeh vəzifəli şəxs barəsində intizam tənbeh tədbirləri görülüb, onlardan 66 nəfəri işdən çıxarılıb, 56 nəfərə töhmət, 44 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti