Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İlkin İzzət/
Azərbaycanda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü və milli prokurorluğun yaradılmasının 96-cı ildönümü qeyd edilir.
Trend xəbər verir ki, bu münasibətlə respublikanın Baş prokuroru Zakir Qaralov başda olmaqla prokurorluq orqanlarının işçiləri bu gün Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstəsi qoyulub.
Daha sonra Şəhidlər xiybanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları ziyarət edilib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.
Jurnalistlərin suallarını cavablandıran Baş prokuror Zakir Qaralov qeyd edib ki, prokurorluq işçilərinin peşə bayramı böyük ruh yüksəkliyi ilə qeyd edilir: "Fürsətdən istifadə edib bütün prokurorluq əməkdaşlarını, veteranlarımızı bu gözəl bayram münasibərilə təbrik edirəm və onlara bu şərəfli işdə uğurlar diləyirəm. Hər bir peşə bayramı ərəfəsində prokurorluğun bütün strukturları hesabat verir. Bu gün də Baş prokurorluqda xüsusi seminar keçiriləcək. Respublikanın Hərbi Prokurorluğu, Bakı şəhər Prokurorluğu və digər strukturların iştirak edəcəyi seminarda həm görülən işlər, həm prokurorluğun təkmilləşdirilməsi ilə bağlı qarşıda duran vəzifələr, həm də prokurorluq orqanlarını narahat edən aktual problemlərlə ilə bağlı müzakirələr aparılacaq".
Z.Qaralov həmçinin bildirib ki, Baş Prokurorluğun digər hüquq-mühafizə orqanları, xüsusilə Daxişi İşlər Nazirliyi (DİN) və Milli Təhlükəsizliyi Nazirliyi (MTN) ilə birlikdə gördüyü tədbirlər nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərqərar olub: "Bütün ağır cinayətlərinin əksəriyyətinin açılqması təmin edilib. Mən deyərdim ki, bu gün respublikamız nəinki MDB-də, hətta Şərqi Avropada ən təhlükəsiz və stabil ölkədir".