...

Azərbaycan ərazisi ilk dəfə insanların malyariyaya yoluxma riskinə görə qiymətləndirilib

Cəmiyyət Materials 17 Dekabr 2014 15:47 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq, ölkənin ərazisi insanların malyariyaya yoluxma riskinə görə qiymətləndirilib.
Azərbaycan ərazisi ilk dəfə insanların malyariyaya yoluxma riskinə görə qiymətləndirilib

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda ilk dəfə olaraq, ölkənin ərazisi insanların malyariyaya yoluxma riskinə görə qiymətləndirilib.

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun İqlim və aqroiqlim şöbəsinin müdiri Xəyyam Rəhimov Trend-ə bildirib ki, Azərbaycanda ilk dəfə olaraq insanların malyariya xəstəliyinə yoluxma riskini qiymətləndirmək üçün tərtib olunmuş şkala əsasında ölkə ərazisinin iqlim-malyarioloji rayonlaşdırılması aparılıb. Nəticədə 5 vilayət, 6 yarımvilayət və 39 rayon ayrılıb.

X.Rəhimovun sözlərinə görə, araşdırma zamanı məlum olub ki, malyariyaya yoluxma mövsümünün mümkün davamiyyəti ərazinin iqlim şəraitindən asılı olaraq, müxtəlifdir. Belə ki, Kür-Araz ovalığı, Böyük və Kiçik Qafqazın dağətəyi ərazilərində malyariyaya yoluxma riskinin ola biləcəyi yerlər dəniz səviyyəsindən təqribən 500-600 metrə qədər olan ərazilərdir. Həmin ərazilərdə malyariyaya yoluxma müddəti 140 gündən artıq davam edə bilər. Ancaq ərazinin dəniz səviyyəsindən yüksəklik həddi artıqca malyariyaya yoluxma müddəti də azalır. Regiondan asılı olaraq, ərazilərdə müəyyən yüksəllik həddindən sonra yalnız ayrı-ayrı isti keçən illərdə malyariya xəstəliyinə rast gəlmək olar.

Malyariyaya yoluxmanın mümkün olmadığı ərazilərin adlarını açıqlayan X.Rəhimovun sözlərinə görə, Böyük Qafqazda belə ərazilər dəniz səviyyəsindən 1400-1550 metr yüksək olan yerlərdir. Kiçik Qafqazda isə bu hədd daha yüksəklikdən keçir. Kiçik Qafqazda dəniz səviyyəsindən 1750-1800, Talış dağlarında 1750, Naxçıvan Muxtar Respublikasında 2300-2350 metrdən yüksək ərazilərdə malyariyaya yoluxma ola bilməz: "Həmin yüksəkliklərdən yuxarıda artıq malyariya ola bilməz. Burada malyariya yalnız ayrı-ayrı isti illərdə ola bilər. Bu da haradan isə gətirilmə nəticəsində baş verə bilər".

Malyariyaya yoluxma baxımından çox riskli hesab olunan ərazilərə gəldikdə, X.Rəhimov bildirib ki, belə ərazi Kür-Araz ovalığıdır. Dağətəyi ərazilər - dəniz səviyyəsindən 400-500 metrədək olan yerlər də riskli sayılır. Naxçıvan Muxtar Respublikasında isə dəniz səviyyəsindən 1000 metr yüksəkliyə qədər olan ərazilər çox risklidir: "Araz sahilində, Naxçıvanın dəniz səviyyəsindən 1000 metrə qədər olan bütün ərazilərində bu riskin olması mümkündür. Burada malyariyaya yoluxma mövsümü 4 aydan çox ola bilər. Yəni insanlar 4 ay ərzində malyariyaya yoluxa bilərlər".

Onun sözlərinə görə, Talış dağlarında və Böyük Qafqazin cənub yamacında malyariyaya yoluxma riski olan ərazilər dəniz səviyyəsindən 500 metrədək olan ərazilərdir. Böyük Qafqazın şimal-şərq yamacında riskli ərazilər dəniz səviyyəsindən 150-200 metrədək, cənub-şərq yamacında 350 metrədək ola bilər. Kiçik Qafqazda isə malyariyaya yoluxma riskinin olduğu ərazilər dəniz səviyyəsindən 550-650 metrədək olan ərazilərdir: "Bu, o demək deyil ki, malyariya sadalanan ərazilərdə mütləq olmalıdır və hazırda da var. İqlim amili, sellərin baş verməsi, iqtisadi-sosial vəziyyətin ağırlığı - bunlar hamısı malyariyanın olmasına birgə təsir edir. 1990-cı illərin əvvəllərində malyariya xəstəliyinə çox rast gəlinsə də, 2013-cü ildə ölkədə cəmi 3-4 yoluxma hadisəsi müşahidə edilib ki, onların da hamısı gətirilmə olub. Bu gün deyə bilərik ki, Azərbaycanda malyariya xəstəliyi yoxdur. Amma sabah üçün heç kim zəmanət verə bilməz ki, hər hansı amil səbəbindən malyariya yaranmaz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti