...

Mənzil satmaq adı ilə vətəndaşları aldadanın cəzası yüngülləşdirildi

Cəmiyyət Materials 12 Yanvar 2015 10:45 (UTC +04:00)
Bakı Apelyasiya Məhkəməsində dələduzluqda ittiham olunan “Şahbulaq” MTK-nın sədri Nəsib Əliyev və “Badü-Kubə” MTK-nın təsisçisi Zaur Cabbarovun məhkəməsi başa çatıb.
Mənzil satmaq adı ilə vətəndaşları aldadanın cəzası yüngülləşdirildi

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir Anar Əliyev/

Bakı Apelyasiya Məhkəməsində dələduzluqda ittiham olunan "Şahbulaq" MTK-nın sədri Nəsib Əliyev və "Badü-Kubə" MTK-nın təsisçisi Zaur Cabbarovun məhkəməsi başa çatıb.

Trend-in məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin şikayəti üzrə qərara elan edilib. Qərara görə, Zaur Cabbarovun apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 7 il 6 aya endirilib. Nəsib Əliyevin isə apelyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nəsib Əliyev 13 il, Zaur Cabbarov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar cəzalarının yüngülləşdirilməsini istəyiblər.

Xatırladaq ki, Nəsib Əliyev "Şahbulaq" MTK-nın sədri kimi 2006-2010-cu illərdə "Badu-Kübə" MTK-nın təsisçisi olan kürəkəni Zaur Cabbarov və Elton Əliyev əlbir olub. Onlar cinayət əlaqəsinə girərək Bakı şəhərində çoxmərtəbəli yaşayış binaları inşa edən "Badu-Kübə" və "Şahbulaq" MTK-larının adından saxta alqı-satqı müqavilələri və maliyyə arayışları əsasında ümumilikdə 12 min 621 kvadratmetr sahəsi olan 159 mənzili və 1 qeyri-yaşayış sahəsini 119 nəfərə satıblar.

Bundan sonra müvafiq maliyyə-mühasibat uçotu sənədləri tərtib etmədən əldə olunmuş 4 milyon 635 min 738 manat pulun 2 milyon 22 min 359 manatını "Badu-Kübə" MTK-nın inşa etdiyi binanın tikintisinə sərf edib, qalan 2 milyon 613 min 379 manat məbləğində özgənin külli miqdarda əmlakını isə aldatma yolu ilə ələ keçirərək dələduzluq edib.

Nəsib Əliyevə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri, Zaur Cabbarova isə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham edilib.
İstintaq gedişində 36 zərərçəkmişlə tikintini davam etdirən "Badu-Kübə" MTK arasında yeni müqavilələr bağlanılmaqla binadan ümumi dəyəri 1 milyon 86 min 233 manat dəyərində mənzillərlə təmin edilməklə vətəndaşların pozulmuş mənzil hüquqları bərpa edilib.

Cinayət işi üzrə Elton Əliyev barəsində Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə qərar qəbul edilib, lakin o, istintaqdan yayındığına görə ittihamın elan edilməsi mümkün olmayıb və barəsində axtarış elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti