...

QKDK sədrindən yeni təklif

Cəmiyyət Materials 28 Yanvar 2015 15:02 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı ictimaiyyətdə qiymətli kağızlar bazarı üzrə biliklərin artırılması üçün tələbələrin “Kapital bazarının səfirləri” kimi fəaliyyət göstərməsini təklif edib.
QKDK sədrindən yeni təklif

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı ictimaiyyətdə qiymətli kağızlar bazarı üzrə biliklərin artırılması üçün tələbələrin "Kapital bazarının səfirləri" kimi fəaliyyət göstərməsini təklif edib.

Azərbaycan Dövlət İqtisad Universitetindən (ADİU) Trend-ə verilən məlumata görə, bu gün QKDK ilə universitet arasında təhsil, elm və təlim-tədris sahəsində birgə inkişaf fəaliyyətinə dair anlaşma memorandumu imzalanıb. Sənədi ADİU-nun rektoru Ədalət Muradov və QKDK-nın sədri Rüfət Aslanlı imzalayıblar.

Tərəflər arasında bağlanmış müqavilənin prioritet məqsədi ali təhsil müəssisəsində qiymətli kağızlar bazarı, onun məhsul və xidmətləri barədə maarifləndirilmə işinin təşkili və tədrisinə dəstək verilməsi, o cümlədən yüksəkixtisaslı kadrların hazırlanmasında əməkdaşlıq etməkdir. Anlaşma çərçivəsində müştərək layihələrin planlaşdırılması və icrası, kapital bazarları üzrə birgə elmi tədqiqatların aparılması, qarşılıqlı kadr mübadiləsi, istehsalat təcrübəsi, elmi-praktik konfrans və seminarların təşkili də mümkün olacaq.

Ə.Muradov bildirib ki, maliyyə sisteminin mühüm sahəsi olan qiymətli kağızlar bazarı hökümətin hər zaman diqqət mərkəzində olub və bu sahədə mütərəqqi tədbirlər həyata keçirilib. Bunun bariz nümunəsi kimi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramı qəbul edilib. O, Dövlət Proqramı çərçivəsində qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi istiqamətində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətini, ali təhsil ocaqları ilə sıx əməkdaşlığını yüksək qiymətləndirib.

R.Aslanlı çıxışı zamanı bildirib ki, təhsil, elm, təlim-tədris və bu istiqamətdə inkişafyönümlü əməkdaşlığın genişləndirilməsi tələbələrin maliyyə biliklərinin artırılmasına, zəngin iqtisadi savada malik kadr kimi formalaşmasına töhfə verəcək. Komitənin nəzdində fəaliyyət göstərən Kapital Bazarı üzrə Təlim Mərkəzi tələbələrin əmək bazarında rəqabətqabiliyyətli kadr kimi yetişməsində müxtəlif növ təlim proqramları təşkil edəcək. Sədr təklif edib ki, ictimaiyyətdə qiymətli kağızlar bazarı üzrə biliklərinin təbliğatının artırılması üçün tələbələr "Kapital bazarının səfirləri" kimi fəaliyyət göstərsinlər.

Razılaşma çərçivəsində tələbələrin praktik biliklərə sahib olması üçün ali təhsil müəssisəsində birja laboratoriyası da yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti