...

Müdafiə Nazirliyi Tovuzda əsgərin komandiri tərəfindən güllələnməsi məsələsinə aydınlıq gətirdi

Cəmiyyət Materials 4 Fevral 2015 11:46 (UTC +04:00)
Tovuzda N saylı hərbi hissədə xidmət edən, 6 yanvar 2014-cü ildə Cəlilabad rayonundan hərbi xidmətə yollanmış 19 yaşlı əsgər Tarverdiyev Çingiz Aydın oğlunun atası yerli mətbuata açıqlamasında bildirib ki, oğlu 2015-ci il yanvarın 27-də hərbi hissənin polkovnik rütbəli komandiri tərəfindən güllələnib.
Müdafiə Nazirliyi Tovuzda əsgərin komandiri tərəfindən güllələnməsi məsələsinə aydınlıq gətirdi

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İlkin İzzət/

Tovuzda N saylı hərbi hissədə xidmət edən, 6 yanvar 2014-cü ildə Cəlilabad rayonundan hərbi xidmətə yollanmış 19 yaşlı əsgər Tarverdiyev Çingiz Aydın oğlunun atası yerli mətbuata açıqlamasında bildirib ki, oğlu 2015-ci il yanvarın 27-də hərbi hissənin polkovnik rütbəli komandiri tərəfindən güllələnib.

Onun sözlərinə görə, yaralı əsgər Gəncə şəhər hərbi hospitalına aparılıb. Başından güllə yarası alan əsgər hazırda koma vəziyyətindədir.

Bununla bağlı Trend-in sorğusunu cavablandıran Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirirlər ki, əsgər atası Aydın Tarverdiyevin dedikləri həqiqətəuyğun deyil və hadisə haqqında yanlış fikir formalaşdırmaq məqsədi daşıyır: "Belə ki, hadisə ilə bağlı Hərbi prokurorluq tərəfindən cinayət işi açılıb və araşdırma aparılır. Aydın Tarverdiyev oğlunun məsuliyyətdən yaxa qurtarmasına çalışmaq məqsədilə böhtan xarakterli xəbərlər yayır və ictimaiyyətə qeyri-dəqiq, qərəzli məlumatlar verir. Halbuki söhbət zamanı əsgərin atası oğlu Çingiz Tarverdiyevin uşaq vaxtlarından əsəbi olduğunu bildirib. Bundan əlavə o, qeyd edib ki, oğlu Çingiz Tarverdiyev hərbi xidmətə gəlməmişdən əvvəl də davranışlarında aqressiv olub. Əsəbiləşəndə özünü idarəetməni tez-tez itirir, bu səbəbdən də atasının sağ əlinin barmağına balta ilə xəsarət yetirib, iki qardaşına bıçaqla hücum edərək onları da bıçaqlamaq istəyib".

Mətbuat xidmətindən bildiriblər ki, hadisə zamanı əsgər Çingiz Tarverdiyev və zabit tərəfindən xəsarət yetirilməsi məsələsi də absurdur. Hospitalda həkimlərə təşəkkür edən əsgər atası heç kimi bu işdə təqsirləndirməyib, oğlunun belə hadisəni törətməyə qadir olduğunu dəfələrlə qeyd edib: "Əsgər Tarverdiyev Çingiz Aydın oğlu, onunla hərbi hissənin psixoloqu tərəfindən aparılan söhbət zamanı özünün bildirdiyinə görə o, əvvəl də 2 dəfə özünə qəsd etməyə cəhd edib. Bütün bu əməllərinə görə 2014-cü ilin may ayında əsgər Ç.A.Tarverdiyev öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırmağa görə təqsirli bilinərək məhkəmənin hökmünə əsasən 5 (beş) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlanma cəzasına məhkum edilib".

Müdafiə Nazirliyi bəyan edir ki, KİV-də bu cür yalan, böhtan dolu xəbərlər yaymaqla əsgərin atası Aydın Tarverdiyev oğlunun cinayət məsuliyyətinə cəlb olunmasından yaxa qurtarmasına şərait yaratmağa çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti