Azərbaycan, Bakı, 27 fevral /Trend/
ADA Universitetinin "Karyera Hazırlıq Mərkəzi" 26-27 fevral 2015-ci il tarixlərində artıq ənənəyə çevrilmiş sayca Üçüncü Karyera Həftəsini uğurla başa vurdu.
Universitetdən Trend-ə verilən məlumata görə, Karyera Həftəsinin məqsədi müxtəlif müzakirə panelləri, seminar və təqdimatlar vasitəsilə ADA Universitetinin tələbələrini ölkədəki iş bazarı və karyera imkanları ilə tanış etməkdir. Bununla yanaşı, tələbə və məzunlar hökumət, qeyri-hökumət və özəl sektoru təmsil edən qurumların nümayəndələri ilə görüşmək və ünsiyyət qurmaq imkanı əldə etmişlər. Karyera həftəsi çərçivəsində tələbələr iş imkanları ilə yanaşı, yay tətili zaman peşəkar təcrübə keçmək və qısamüddətli iş imkanları ilə də tanış olmuşlar.
Karyera Həftəsi çərçivəsində həm də Karyera Sərgisi təşkil olunmuşdur. Sərgidə Azərbaycanda fəaliyyət göstərən müxtəlif sektorlardan 50-dək çoxsaylı qurum və şirkət, o cümlədən 100-dən artıq şirkət nümayəndəsi təmsil olunmuşlar. Karyera sərgisində tələbələrə tam və yarımştat, təcrübə və könüllülük imkanları da daxil olmaqla 70-ə qədər vakansiya təklif olunmuşdur. Təklif olunan vakansiyalar bankçılıq, telekommunikasiya, dövlət orqanları, konsaltinq, turizm, neft və qaz və digər sahələr üzrə idi.
Məqsəd tələbələrə düzgün karyera seçimi etməkdə yardım etmək və onlara yol göstərməkdir. Məhz bu səbəbdən potensial işəgötürənlə görüşmək, şirkətin iş və işçi dəyərləri haqqında öyrənmək strateji baxımdan tələbələr üçün çox önəmlidir. Karyera sərgisi kimi tədbirlər vasitəsilə tərəfdaşlarımızla qurduğumuz uğurlu əməkdaşlığı davam etdirir və Azərbaycanın əmək bazarına öz töhfəsini verəcək gənclərin inkişaf etdirilməsində yaxından iştirak edirik.