Azərbaycan, Bakı, 13 mart /Trend/
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən tərtib olunmuş iş planına uyğun olaraq dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda 2014-cü ildə aparılmış nəzarət tədbirləri ilə 14 rayon (şəhər) icra hakimiyyəti başçılarının aparatlarının saxlanılmasına, rayonların (şəhərlərin) abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, şəhərlər (kəndlər və qəsəbələr) üzrə ərazi nümayəndəliklərinə, mənzil kommunal təsərrüfatı qurumlarına, həmçinin, 14 təhsil, 7 tibb, 1 mədəniyyət, 2 meliorasiya müəssisəsinə və 2 diplomatik nümayəndəliyə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi, habelə Maliyyə Nazirliyinin 5 yerli maliyyə orqanının yerli gəlir və xərclərin tərtibi və icrası üzrə işləri yoxlanılıb.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aparılmış yoxlamalar nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədi ilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün müvafiq yerli icra hakimiyyəti orqanlarına və aidiyyəti nazirliklərə məktublar göndərilib.
Yoxlamaların gedişində də nöqsanların aradan qaldırılması istiqamətində xeyli işlər görülüb, yoxlamalarla aşkar olunmuş artıq və əsassız ödənişlərin əsas hissəsinin (4910,3 min manat) yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən büdcəyə bərpası təmin edilib, mövcud qanunvericiliyin tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılmış 52 sinif komplekti və məktəbdənkənar müəssisələrdə təşkil olunmuş 140 dərnək və qrup, normadan artıq saxlanılmış 702,5 ştat vahidi ləğv edilib, həmçinin normativ sənədlərin tələblərinə uyğun olmayan əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb, evdə təhsilə cəlb edilmiş şagirdlərin yenidən psixoloji-tibbi-pedaqoji komissiyadan keçirilməsi nəticəsində evdə təhsilə cəlb edilmiş şagirdlərin sayı 73 nəfər azaldılıb, 107,9 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilmiş bir təşkilat üzrə yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Habelə, nəzarət tədbirləri nəticəsində büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermiş vəzifəli şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 204-1-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri qismində cərimələr tətbiq edilib, ümumilikdə 914 nəfər vəzifəli şəxs 516,6 min manat məbləğində cərimə edilib və həmin cərimə məbləğlərinin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Maliyyə Nazirliyinin yerli maliyyə orqanlarında aparılmış yoxlamaların nəticələri üzrə maliyyə orqanlarının 3 vəzifəli şəxsi tutduqları vəzifədən azad edilib, 8 vəzifəli şəxsə töhmət, 3 vəzifəli şəxsə xəbərdarlıq elan edilib.
Yuxarıda göstərilənlərlə bərabər, Xidmətin mütəxəssisləri tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun məktublarına və məhkəmə orqanlarının qərarlarına əsasən məktublarda və qərarlarda qeyd olunan suallar yoxlanılıb, cəmi 6027,2 min manat məbləğində israfçılıq halları aşkar olunaraq yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.