Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir İlkin İzzət/
Bakıda "İslam maarifçiliyi və müasir dövr" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Trend-ə verilən məlumata görə, aprelin 16-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "İslam maarifçiliyi və müasir dövr" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Tədbir AMEA, QMİ və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Konfransda Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Rusiya, İran, Fransa, Almaniya, Səudiyyə Ərəbistanı, Livan, Mərakeş, İsveç, Finlandiya, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan olan nümayəndələr də iştirak edəcəklər.
İki gün davam edəcək beynəlxalq konfransın iştirakçıları "Qloballaşan dünyada İslam maarifçiliyinin əhəmiyyəti", "Multikulturalizm, dinlərarası dialoq və tolerantlıq mühitinin beynəlxalq əhəmiyyəti və Azərbaycanın bu prosesdə rolu", "Dünya dinləri terrorizm, ekstremizm, separatizm və ksenofobiya təzahürlərinə qarşı" bölmələri üzrə Azərbaycan, rus, ingilis və ərəb dillərində məruzələrlə çıxış edəcəklər.