Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İlkin İzzət/
Paytaxda Dövlət Statistika Komitəsinin qarşısındakı dairədə tıxacların aradan qaldırılması üçün əlavə tədbirlər görüləcək.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, son bir neçə ay ərzində "Azəryolservis" ASC tərəfindən Bakı şəhərində hərəkətin tənzimlənməsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.
Qeyd olunub ki, növbəti tədbirlərdən biri də İnşaatçılar prospektində yerləşən dairədə, Dövlət Statistika Komitəsinin qarşısında nəzərdə tutulur: "Müxtəlif istiqamətlərdən sözügedən dairəyə daxil olan nəqliyyat vasitələri nişanlanma xəttinin tələbini pozur ki, bu da ərazidə sıxlığın yaranmasına səbəb olur. Belə ki, Naxçıvani küçəsindən hərəkət edən nəqliyyat vasitələri İnşaatçılar prospektindən gələn nəqliyyat vasitələrinə yol vermək əvəzinə, birbaşa dairəyə daxil olduğu üçün ərazidə tıxac yaşanır. Yaranmış vəziyyəti aradan qaldırmaq üçün Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC yaxın günlərdə həmin ərazidə müvafiq tədbirlər görməyi planlaşdırır".