...

Bilik Fondu "İmzalı görüş" layihəsinə start verib (FOTO)

Cəmiyyət Materials 23 Aprel 2015 10:25 (UTC +04:00)
23 aprel – Beynəlxalq Kitab Günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "İlboyu bilik" proqramının "İmzalı görüş" layihəsinə start verilib.
Bilik Fondu "İmzalı görüş" layihəsinə start verib (FOTO)

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

23 aprel - Beynəlxalq Kitab Günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "İlboyu bilik" proqramının "İmzalı görüş" layihəsinə start verilib.

Fonddan Trend-ə verilən məlumata görə, "İmzalı görüş"ün ilk qonağı Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas olub.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında keçirilən görüşdə kitabxananın direktoru professor Kərim Tahirov, Respublikanın Əməkdar Mədəniyyət işçisi, filologiya elmləri doktoru Vaqif Yusifli, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair, tərcüməçi Vaqif Bəhmənli, yazıçı-publisist Rəşad Məcid, Bilik Fondunun əməkdaşları Xatirə Hüseynova, Ramilə Qurbanlı, Ceyhun Musaoğlu və müxtəlif universitetlərdən olan tələbələr iştirak ediblər.

Kitabxananın direktoru, əməkdar mədəniyyət işçisi K.Tahirov gənclərin və yeniyetmələrin kitabxanalara cəlb edilməsi məqsədilə Bilik Fondunun həyata keçirdiyi layihənin əhəmiyyətindən danışıb. Milli Kitabxanada tanınmış yazıçılarla gənclərin görüşlərinin mütəmadi olaraq keçirildiyini bildirib.

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair V.Bəhmənli A.Abbas yaradıcılığından ana xətt kimi keçən vətənpərvərlik, milli təəssübkeşlik və yurdsevərlik keyfiyyətlərindən söhbət açıb. Yazıçının "Evləri köndələn yar", "Batman qılınc", "Ən xoşbəxt adam" və s. əsərlərində adi həyat hadisələrini ədəbiyyata köçürmək bacarığını, əsərlərində Qarabağın şirin ləhcəsini ustalıqla ədəbiyyata gətirdiyini bildirib.

Filologiya elmləri doktoru Vaqif Yusifli Qarabağ haqqında, xüsusilə könüllü batalyonların ölüm-dirim savaşından, elan olunmamış müharibənin gətirdiyi bəlalardan, əliyalın, taleyin ümidinə buraxılmış insanların yaşantılarından bəhs edən yazıçını sözü deməyi bacaran qələm sahibi kimi dəyərləndirib. Onun "Qarda açan qan çiçəyi", "Çadırda Üzeyir Hacıbəyli doğula bilməz", "Qiyamət gecəsi", "Dolu" və s. əsərlərini ədəbiyyatımızın uğuru adlandırıb.

Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in redaktoru R.Məcid A.Abbasın yolunun davamçısı olaraq, ondan çox şey öyrəndiyini, sənətdə və həyatda hər an onun köməyini, dəstəyini duyduğunu söyləyib. Onun böyük ürəkli insan, səmimi dost olaraq insani xüsusiyyətlərindən söhbət açıb.

Tələbələr yazıçının yalnız onlara paylanılan "Dolu" kitabından deyil, bütün əsərlərindən onları maraqlandıran suallara cavab alıblar.

Tədbir oxucularla müəllifin səmimi atmosferdə söhbəti ilə davam edib. Sonda müəllif tələbələrə imzaladığı kitabları verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti