...

Avropada Azərbaycanın işsizliyin azaldılması üzrə uğurlu təcrübəsindən bəhs olunub (FOTO)

Cəmiyyət Materials 1 May 2015 16:08 (UTC +04:00)
Cenevrədə keçirilən beynəlxalq konfransda Azərbaycanın işsizliyin azaldılması sahəsində uğurlu təcrübəsindən bəhs olunub.
Avropada Azərbaycanın işsizliyin azaldılması üzrə uğurlu təcrübəsindən bəhs olunub (FOTO)

Azərbaycan, Bakı, 1 may /Trend/

Cenevrədə (İsveçrə) Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində gənclərin əmək bazarına çıxışının dəstəklənməsi məsələlərinə həsr olunmuş regional konfransı keçirilib. Şərqi Avropa və Mərkəzi Asiya ölkələrindən çoxsaylı nümayəndələrin iştirak etdiyi beynəlxalq səviyyəli tədbirdə Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, konfransın yüksək səviyyəli panel iclasında çıxış edən M.Kərimli hazırda qlobal məkanda xüsusi aktuallıq kəsb edən işsizlik probleminin aradan qaldırılması sahəsində Azərbaycanın uğurlu iş təcrübəsi barədə dolğun məlumat verib. Nazir müavini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu islahatlar kursunun nailiyyətlərini diqqətə çatdırıb, bu siyasətin ölkəmizdə davamlı makroqtisadi inkişafa səbəb olmaqla, son 10 ildə 1 milyon 360 min, yalnız cari ilin ilk rübündə 30 minədək yeni iş yerinin açılması ilə nəticələndiyini vurğulayıb.

M.Kərimli ötən ilin sonlarına olan məlumata görə, işsizliyin Avropa məkanında 11,5 faiz, Avropa İttifaqında 10 faiz olduğu halda, Azərbaycanda 4,9 faizə endiyini bildirib. O, həmçinin respublikada gənclər arasında işsizliyin 9,9 faiz olmaqla, dünyanın digər ölkələrindəki müvafiq göstəricidən xeyli aşağı olduğunu qeyd edib, ölkəmizdə gənclərin məşğulluğuna dəstək məqsədilə görülən kompleks tədbirlərdən söz açıb. Daha sonra M.Kərimli BƏT-in təşkilatçılığı ilə cari ilin mart ayında Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən aparılmış Tacikistanda gənclərin məşğulluğu sahəsinin ekspert qiymətləndirməsinin nəticələri barədə məlumat verib.

Bildirilib ki, son illərdə dünya miqyasında gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi on lider ölkədən biri olan Azərbaycan BƏT-in rəsmi saytında gənclərin məşğulluğu ilə bağlı uğurlu hüquqi və praktik iş təcrübəsi təqdim olunan 41 ölkə sırasındadır. Həmçinin BƏT ilə əməkdaşlıqda daha bir addım olaraq, Azərbaycan BƏT-in "MDB-də gənclərin məşğulluğu sahəsində əməkdaşlıq" adlı layihəsinə daxil edilib. İki gün davam edən konfransda Avropa və Mərkəzi Asiyada gənclərin əmək bazarına çıxışının asanlaşdırılması, bu sahədə ölkələrdə mövcud olan prioritetlər, gənclərin məşğulluq meylləri və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti