Azərbaycan, Bakı, 10 iyun /Trend/
IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Azərbaycan Təhsil Nazirliyi "Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə qaytarılması" proqramı çərçivəsində "Ceyranları qoruyaq!" adlı ekoloji yay düşərgəsinə start verib.
WWF-nin Azərbaycan nümayəndəliyindən Trend-ə verilən məlumata görə, Qax və Şəki rayonlarından 30-dan çox məktəblinin iştirak etdiyi düşərgə Qax rayonunun İlisu kəndində təşkil edilib. Düşərgə iyunun 12-dək davam edəcək.
"Ceyranları qoruyaq!" adlı ekoloji yay düşərgəsinin əsas məqsədi ceyranların reintroduksiya edildiyi ərazilərdə yaşayan gənc nəsli bu növ barədə maarifləndirməkdir. Düşərgənin gedişatında iştirakçılar ceyranların həyat tərzi, yayıldığı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlandırılacaqlar. Uşaqlar, həmçinin müxtəlif kiçik ekoloji tədqiqatların aparılmasında, viktorina və müsabiqələrdə iştirak edəcəklər.
"Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə qaytarılması" proqramı 2010-cu ildən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və WWF Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində uğurla icra olunur. Bu illər ərazində 150 başdan artıq ceyran Şirvan Milli Parkından tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya edilib və onların daimi monitorinqi və mühafizə işləri həyata keçirilir.