Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir Elçin Mehdiyev/
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xədicə İsmayılovanın ittihamı üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyilə keçirilən iclasda əvvəlcə X.İsmayılovanın ittiham olunduğu cinayət işi üzrə maddələr səsləndirilib. Sonra ittiham və müdafiə tərəflərinin mövqeləri dinlənilib.
Hazırlıq iclasında X.İsmayılova təklif edib ki, vəkil Yalçın İmanov onun hüquqlarını yenidən müdafiə etsin və vəkil kimi prosesdə iştirak etsin. Təklif qəbul olunmayıb.
Sonra X.İsmayılovanın digər vəkili Fariz Namazlı tərəfindən X.İsmayılovaya qarşı irəli sürülmüş cinayət işinə xitam verilməsi və onun haqqında olan həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırılıb. Vəsatət təmin olunmayıb.
Hazırlıq iclasında müdafiə tərəfinin qaldırdığı növbəti vəsatət məhkəmə prosesinin audio və video çəkilişinin təmin olunması barədə olub. Vəkil F.Namazlı tərəfindən qaldırılan bu vəsatət də təmin olunmayıb.
İclasda dövlət ittihamçısı Ramazan Hadıyev vəsatətlərə münasibət bildirərkən qeyd edib ki, hazırkı mərhələdə onlara ehtiyac olmadığı üçün qəbul edilə bilməz. R.Hadıyev bütün vəsatətlərin təmin olunmamasını istəyib.
Sonra iclasda cinayət işi üzrə məhkəmənin baxış iclasının başlaması barədə məsələ müzakirə olunub və hakimlər cinayət işi üzrə məhkəmə baxışının başlamasına qərar veriblər.
Məhkəmə baxışı avqustun 7-i saat 11.00-a təyin olunub.
Qeyd edək ki, X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə bağlı irəli sürülən ittihamla həbs edilib. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.