Azərbaycan, Bakı, 25 avqust /Trend/
Böyük Britaniyanın tanınmış heykəltəraşı, müasir incəsənətin görkəmli nümayəndələrindən biri Toni Kreqqin "Nəzər nöqtələri" əsəri Heydər Əliyev Mərkəzinin daimi ekspozisiyasında nümayiş olunur. Trend-in məlumatına görə, əsər Mərkəzin parkında təqdim edilir.
Xatırladaq ki, 2014-cü ildə Heydər Əliyev Mərkəzində Toni Kreqqin fərdi sərgisi keçirilib. 2014-cü il aprelin 9-dan avqustun 31-dək davam edən sərgidə heykəltəraşın 28 əsəri nümayiş olunub. Sərgidən sonra "Nəzər nöqtələri" əsəri Heydər Əliyev Mərkəzinin daimi ekspozisiyasına daxil edilib.
Toni Kreqqin indiyədək dünyanın müxtəlif ölkələrində 350-dən çox fərdi sərgisi təşkil olunub. Onun müxtəlif materiallardan - bürünc, mərmər, ağac, polad, plastik, keramika, farfor və şüşədən hazırladığı heykəllər muzeylərlə yanaşı, London, Liverpul, Bazel, Vyana, Düsseldorf, Vaşinqton, Nyu-York, Stokholm kimi şəhərlərin küçə və meydanlarını da bəzəyir.
Onu da əlavə edək ki, hazırda Heydər Əliyev Mərkəzinin daimi ekspozisiyasında dünyada məşhur olan bir sıra müəlliflərin əsərləri nümayiş olunur.