Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanın təhsil nazirinin müavini Ceyhun Bayramovun Trend-ə müsahibəsi
- Azərbaycanda yaxın illər üçün şagirdlərin sayı ilə bağlı gözlənilən proqnozlar necədir? Bu proqnozlara görə, əldə olunan yeni göstəricilər gələcəkdə tədris prosesinin təşkili sahəsində hər hansı problemin yarana biləcəyini xəbər verirmi?
- Proqnozlar onu göstərir ki, növbəti 5 il ərzində şagirdlərin sayı kifayət qədər - 30 faizə qədər artacaq. Bu, Azərbaycanda baş verən müsbət demoqrafik dəyişikliklərin nəticəsidir. Təbii ki, bu, ümumilikdə müsbət tendensiyadır. Amma eyni zamanda, bu, təhsil sisteminin qarşısında müəyyən çağırışlar qoyur. Təbii ki, biz buna hazır olmalıyıq. Bu il ilk dəfə olaraq, şagirdlərin elektron qeydiyyat sistemi tətbiq olundu. Bu sistemin tətbiqi bizə şəbəkədə Bakı şəhərinin bu və digər ərazilərində şagird sıxlığının həddindən artıq yüksək olan yerlərini müəyyən etməyi daha da asanlaşdırdı. Bakı şəhərinin ətraf ərazilərinin, meqapolisin inkişafı bəzi hallarda paytaxtdakı məktəb şəbəkəsinin imkanları ilə tam üst-üstə düşmür. Bakıda şagird sıxlığının həddindən artıq çox olan ərazilər var. Bu günlərdə bu problemlə bağlı son təhlillər aparılacaq və müvafiq təkliflərin irəli sürülməsi üçün sənədlər hazırlanacaq.
- Məktəbə hazırlıq təhsilinin 1 il icbariliyinin təmin olunması nə zamandan həyata keçiriləcək?
- Bu məsələ Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında öz əksini tapıb. Ümumilikdə biz hamımız başa düşürük ki, məktəbəqədər təhsilin səviyyəsinin əhatəliliyinin genişləndirilməsi təhsilin növbəti pillələrində uğurlu nəticələrin əldə edilməsi üçün başlıca amillərdən biridir. Bu gün Azərbaycanda məktəbəqədər təhsilin əhatəlilik səviyyəsi qanedici səviyyədə deyil. Orta perspektivdə bu göstəricinin Avropanın aparıcı dövlətlərinin göstəricisinə çatdırmaq hədəf kimi qoyulub. Təbii ki, bu, qısa müddət ərzində baş verə bilməyəcək. Amma bunu deyə bilərik ki, müvafiq istiqamətdə artıq sistemli işlər və dövlət qurumları ilə müzakirələr aparılır.
- İcbarilik tətbiq olunarkən uşağın dövlət məktəbəqədər təhsil müəssisəsinə getməsi şərt kimi qoyulacaq, yoxsa özəl məktəbəqədər kurslara da gedilərsə, bu, qaneedilmiş hesab olunacaq?
- Hesab edirik ki, məktəbəqədər təhsilin əhatəliliyi baxımından bunun dövlət, özəl təhsil müəssisələri, yaxud məktəb daxilindəki mövcud məktəbəqədər hazırlıq qruplarının yaradılması üsulu ilə təşkil edilməsinin bir o qədər fərqi yoxdur.
- Azərbaycanda 12 illik təhsil sisteminə keçid üçün orta məktəblərin son siniflərində icbari fənlərin sayını azaldan tədris proqramlarının hazırlanması, ixtisaslaşmanın aparılması vacib hesab edilirdi. Artıq bu işlərə başlanılıb. Ümumilikdə, 12 illik ümumi təhsil sisteminə nə zamandan keçiləcək?
-12 illik təhsil sisteminə keçid üçün bır sıra məsələlər öz həllini tapmalıdır. Bunun üçün həm təhsilin məzmunu təhlil edilməli, həm də təmayüllləşmənin tətbiqi genişləndirilməlidir. Eyni zamanda, icbari təhsili başa vuran və tam orta təhsil səviyyəsi üzrə təhsil almayacaq şagirdlər üçün alternativ təhsil imkanlarının yaradılması imkanları analiz edilməlidir. Artıq bu istiqamətdə təhlillər başlayıb, təhsil sistemi daxilində işlər aparılır. Belə böyük bir islahatın aparılması üçün müəyyən pilot layihələrə ehtiyac var. Pilot layihələrə misal olaraq, artıq bu ildən təmayülləşmə tətbiq edilən məktəb şəbəkəsinin genişləndirilməsi layihəsini misal göstərə bilərik. Bu layihə əsasında 50 məktəb şəbəkəyə əlavə edildi və tam orta təhsil pilləsində - son iki sinifdə 4 istiqamət üzrə təmayülləşmə tətbiq olunur. İxtisas seçiminə uyğun olaraq, keçirilən fənlərin sayının azaldılması, fənlərin daha dərindən keçirilməsi və bu yanaşmanın ümumilikdə təhsil göstəricilərinə təsiri proses getdikcə təhlil ediləcək. Hazırda hesablamalar aparılır ki, təmayülləşmənin daha geniş tətbiqi məktəblərdə dərs yükünə, şagirdlərin nailiyyətlərinə, digər fənn müəllimlərinin dərs yükünə necə təsir edəcək. Bütün məsələlər ölçülüb biçilməli, təhlillər aparılmalıdır. Biz yalnız artıq açıq məsələlərin qalmadığına əmin olduqdan sonra Təhsil Nazirliyi olaraq, müvafiq dövlət qurumları qarşısında bu təkliflə bağlı vəsatət qaldıracağıq.
- 12 illik təhsil sistemi 1-ci sinifdən təhsilə başlayanlara, yoxsa həmin təhsil müddətində təhsil alacaq bütün şagirdlərə də şamil olunacaq?
- Müxtəlif ölkələr tərəfindən bu tipli layihələr, islahatlar aparıldıqda müxtəlif yanaşmalar olur, burada vahid yanaşma yoxdur. Bu məsələ ilə bağlı 12 illik sistemin 1-ci sinifdən tətbiq edilməsi, yaxud təhsilin digər səviyyələrində, paralel olaraq, bir necə səviyyədə tətbiqi kimi presidentlər də mövcuddur. Hər bir yanaşmanın özünün müsbət və mənfi tərəfləri var. Bu gün bu layihəyə hansı üsulla, hansı sinifdən başlayacağımızı deməyi erkən hesab edirik. Müzakirələr davam etdirilməli və başa çatdırılmalıdır.
- Yuxarı siniflərdə təmayülləşmə tətbiq edildikdən sonra ali məktəblərin 1 və 2-ci kurslarında keçirilən ümumi fənlərin ixtisar edilməsi nəzərdə tutulurdu. Bu istiqamətdə hansı işlər görülür?
- Ümumilikdə bu məsələlər, ali təhsil müəssisələrinin proqramları müasir tendensiyalar nəzərə alınmaqla, daim yenilənir. Dövlətin mövcud standartları var. Bu standartlara uyğun olaraq, fənlər öz daxilində iki hissəyə - icbarıi və seçmə fənlərə bölünür. Qeyd etdiyiniz məsələ təhsil müddəti daha uzun olan ölkələrdə var, onlarda tam orta təhsil səviyyəsində dərindən öyrənilən fənlər ali təhsil müəssisələrinin ilk tədris müddətində yenidən keçirilmir. Daha dərindən ixtisas fənlərinin öyrənilməsi prioritet sayılır. Hesab edirik ki, Azərbaycanda da təmayülləşmə tam orta təhsil səviyyəsində tam əhatəliliklə tətbiq olunduqdan sonra bu, bizim ali təhsil müəssisələrinin tədris proqramlarına təsir etməyə bilməz. Ancaq bu, yenə də mərhələli şəkildə həyata keçiriləcək. Çünki bu, 6 aya, yaxud 1 ilə işlək mexanizmə çevrilən bir iş deyil. Burada daha uzun bir zaman lazımdır. Amma bundan asılı olmayaraq, ümumilikdə ali təhsil müəssisələri tərəfindən tədris proqramlarına baxılması, onların müasir tələblərə uyğunlaşdırılması istiqamətində işlər gedir. Bununla bağlı Təhsil Nazirliyində müvafiq işçi qruplar yaradılıb. Həmin qruplara bu sahənin və ali təhsil müəssisələrinin nüfuzlu, aparıcı mütəxəssisləri cəlb olunublar, onlar ali təhsil səviyyəsində olan bütün təhsil proqramlarına yenidən baxır, düzəlişlər edir, tövsiyələr verirlər ki, daha çox tətbiqi effekti olan tədris proqramları olsun. Bizə çox yaxın sahə olan müəllimlik peşəsi üzrə kadr hazırlanması istiqamətində də təkmilləşdirmələrin aparılması vacibdir. Pedaqoji kadr hazırlayan ali məktəb tələbələrinin daha çox vaxt praktikada məktəblərdə olması bu sahədə kadr hazırlığına müsbət təsir göstərən amillərdən biridir. Pedaqoji ali təhsil müəssisələri işlərini bu istiqamətə yönləndirməlidirlər.
- Bu gün Azərbaycanda özəl orta məktəblərdə və bağçalarda xidmət haqları kifayət qədər yüksəkdir, bu qiymətlər sadə Azərbaycan ailəsinin büdcəsinə uyğun deyil. Bəzi ekspertlər hesab edir ki, özəl təhsil müəssisələrinin ödəniş haqqını müəyyənləşdirən normativlər hazırlanmalıdır. Sizcə, bu sahədə qiymət siyasətinin tənzimlənməsi üçün hər hansı tədbirlərin görülməsinə ehtiyac varmı?
- Ümumilikdə, Azərbaycanda reallıq ondan ibarətdir ki, həm məktəbəqədər təhsil şəbəkəsinin və onun əhatəlilik səviyyəsinin, həm də özəl orta məktəblərin şəbəkəsinin və onun əhatəlilik səviyyəsinin göstəriciləri kifayət qədər aşağıdır. Özəl təhsil müəssisələrinin əhatəliliyi bu gün 1 faizdən aşağıdır. Təbii ki, biz Təhsil Nazirliyi olaraq, həm məktəbəqədər, həm özəl təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsində uğurlu işlər aparmaqda maraqlıyıq. Ümumilikdə, Azərbaycanda və eyni zamanda hər hansı digər dövlətlərdə özəl məktəbəqədər və ya özəl orta məktəb xidmətlərinin qiymətinin dövlət tərəfindən tənzimlənməsi presidentləri mənə məlum deyil. Bu sahə bir qayda olaraq, daha çox tələb, təklif əsasında formalaşır. Bu sahəyə investisiyaların, yatırımların edilməsi, iş adamlarının maraq göstərməsi tendensiyalarının artırılması istiqamətində hökumət tərəfindən son illərdə ciddi və əhəmiyyətli işlər görülüb. Onların arasında məktəbəqədər təhsil müəssisələrinin vergilərdən azad olunmasını göstərmək olar.
- Amma bu, demək olar ki, sadə vətəndaş üçün qiymət baxımından heç nəyi dəyişmədi...
-Düşünmürəm ki, bu, heç nəyi dəyişmədi. Təhlillər göstərir ki, Təhsil Nazirliyinə lisenziyaların alınması üçün edilən müraciətlərin sayı kifayət qədər əhəmiyyətli şəkildə - 50 faizədək artıb. Bu, o deməkdir ki, bu sahə artıq insanlar üçün yatırım etmək, bu işlə məşğul olmaq baxımından daha maraqlı bir sahəyə çevrilir. Biz hesab edirik ki, bu, müsbət dəyişikliklər edəcək, rəqabət artacaq. Rəqabət də təbii ki, qiymətə və keyfiyyətə müsbət təsir edən amillərdir.
- Nazirlik bu xidmətlərin qiymətlərini yüksək hesab edir? Yoxsa mövcud qiymətlər normal qəbul edilir?
- Əslində, Azərbaycanda fəaliyyət göstərən özəl məktəblərdə hansısa vahid qiymət yoxdur. Özəl məktəblərin təklif etdiyi xidmətlərin qiymətləri kifayət qədər çox fərqlənir. Haradasa bu, çox yüksəkdir, hansılardasa daha azdır və daha uyğundur. Dövlət tərəfindən dövlət təhsil müəssisəsində oxuyan hər bir şagirdə müəyyən qədər vəsait ayrılır. Hər bir halda təbii ki, valideynlər tərəfindən özəl məktəblərə ödənilən təhsil haqqı dövlət tərəfindən dövlət təhsil müəssisəsində şagirdlərə ayrılan məbləğdən dəfələrlə fərqlənir.
- Orta məktəblərdə hansı ödənişli xidmətlərin yaradılması nəzərdə tutulur?
- Dövlət tərəfindən təqdim olunan və Azərbaycan qanunvericiliyinə əsasən müəyyənləşdirilmiş təhsil xidmətləri var ki, onlar vətəndaşlara pulsuz olaraq, təqdim olunur. Dövlətin vəzifəsi və funksiyası ondan ibarətdir ki, bu xidmətləri vaxtlı-vaxtında, keyfiyyətli şəkildə vətəndaşlara təqdim etsin. Amma elə xidmətlər var ki, onların bu gün dövlət tərəfindən ödənişsiz əsaslarla təklif olunması nəzərdə tutulmayıb. Mən misal kimi ötən ildən Bakı şəhərində tətbiq olunan məktəbəhazırlıq qruplarının formalaşdırılması layihəsini göstərə bilərəm. Bu layihə valideynlər üçün ödənişli oldu. Hesab edirik ki, bu xidmət valideynlərə çox münasib qiymətlərlə təklif olundu. Valideynlər böyük həvəslə bu layihəyə qatıldılar. Bakıda 87 təhsil müəssisəsində 3006 şagird həmin bu sistemdən keçdi. Bu, bizə imkan verdi ki, bir tərəfdən uşaqların məktəbəhazırlıq səviyyəsini yüksəldək. Digər tərəfdən, bu, dövlət büdcəsinə hər hansı yük olmadan təşkil edildi. Üçüncü məsələ ondan ibarətdir ki, orada dərs deyən 174 müəllimə 2014-2015-ci tədris ili ərzində 355 min manat məbləğində əlavə ödəniş edildi. Təbii ki, buradan dövlətə vergilər ödənildi, sosial sığorta ödənişləri edildi. Həmin bu xidmətlərin təşkil olunduğu 87 məktəb rəhbərliyinə əlavə olaraq, mükafatlar verildi. Bu da həm stimullaşdırma baxımından, həm müəllimlərin maddi rifah halında yaxşılaşdırılması üçün müsbət bir addımdır. Bundan sonra yaradılacaq ödənişli xidmətlərlə bağlı normativ sənədlər hazırlanaraq müvafiq dövlət qurumlarına təqdim edilib. Həmin sənədlər təsdiq edildikdən sonra kifayət qədər açıq şəkildə hansı xidmətlərin ödənişli əsaslarla göstəriləcəyi öz əksini tapacaq. Ümumilikdə, biz onu qeyd edə bilərik ki, uşaqların inkişafına yönəlmiş məktəbdən kənar fəaliyyət, onların asudə vaxtlarının təşkili və digər bir sıra xidmətlərin əlavə olaraq, ödənişli əsaslarla keçirilməsi təhsil sistemində kifayət qədər geniş yayılmış, vətəndaşlar, cəmiyyət tərəfindən müsbət qarşılanan bir yanaşmadır. Mən hesab edirəm ki, biz bu məsələlərə düzgün və məsuliyyətli yanaşmalıyıq. Çünki hər hansı əlavə xidmətlərin hamısının yükünü eyni zamanda dövlətin üzərinə qoymaq da real deyil.
- Bəs, orta təhsil sistemində ən çox istifadə edilən repetitorluq xidmətinin dövlətin müəyyənləşdirdiyi ödənişli xidmətlərin sırasında olması, dərsdən sonra əlavə dərslər keçən müəllimlərin dövlətə vəsait köçürməsi təklif edilirmi?
- Qaldırdığınız bu məsələ kifayət qədər həssas məsələdir. Ona görə də biz hesab edirik ki, bu məsələyə yanaşma da həssas olmalıdır. Məsələnin bütün müsbət və mənfi cəhətləri ölçülüb biçilməlidir. Burada tələsik qərarların qəbul olunması ümumilikdə prosesə mənfi təsir göstərə bilər. Hesab edirik ki, bütün məqamlar düşünülməli, elə bir çərçivə formalaşdırılmalıdır ki, bu xidmətlərin müəllimlər tərəfindən məktəblərdə ödənişli göstərilməsi tədris prosesinə mənfi təsir göstərməsin.