...

Orta məktəbdən Ali Məktəbə birgə gələn addımlar

Cəmiyyət Materials 6 Oktyabr 2015 10:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Məmmədov Emil Asif oğlu və Məmmədli Cavid Ramiz oğlu on bir il eyni sinifdə bir məktəbdə təhsil alıblar. Onların hər ikisi Bakıda anadan olublar, hər ikisi Bakı Avropa Liseyinin məzunlarıdırlar. 2015-2016-cı tədris ilində Məmmədov Emil 667 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) "Neft-Qaz mühəndisliyi" ixtisasına, Məmmədli Cavid isə, 685 bal toplayaraq "Kimya Mühəndisliyi" ixtisasına daxil olub.

Hər iksi sinif yoldaşı olan və on bir il bir məktəbdə təhsil alan gənclərin yolu Bakı Ali Neft Məktəbində yenidən birləşib.

Onlara ilk sualımız da elə bununla bağlı oldu. Öncə özləri haqda danışdılar:

Bakı Ali Neft Məktəbinin "Neft-Qaz mühəndisliyi" ixtisası üzrə təhsil alan Məmmədov Emil:

- Elmə olan sonsuz marağım məni hər zaman bəzi həmyaşıdlarımdan fərqləndirib və bu sahədə prioritet saydığım məqsəd və uğurlara nail olmağa yönləndirib. Qazandığım uğurların və nailiyyətlərin içərisində 2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə IX-XI sinif şagirdləri arasında keçirilən "Sabahın alimləri" IV Respublika müsabiqəsində "Biologiya" nominasiyası üzrə III yerə dair diplomu nümunə göstərmək istərdim. Eləcə də, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyi münasibəti ilə Bakı Avropa Liseyində "Tarix" fənn həftəsinə həsr edilən intellektual bilik yarışında fəal iştirakıma və "Fizika" fənni üzrə "Məktəblilərin Fənn Olimpiyadasının" məktəb turunda I yer qazandığıma görə diplomlarla təltif edilmişəm. Eyni zamanda, bildirmək istəyirəm ki, təhsildə olan nailiyyətlərimə və liseyin ictimai həyatında fəal iştirakıma görə 9 və 10-cu siniflərdə liseyin rəhbərliyi tərəfindən "Fəxri Fərman"a layiq görülmüşəm.

Bakı Ali Neft Məktəbinin "Kimya mühəndisliyi" ixtisası üzrə təhsil alan Məmmədli Cavid:

- İlk vaxtlarda məktəbdəki qiymətlərim qənaətbəxş olmasa da, sonradan sinifdəki sağlam rəqabətə qoşuldum və ən güclülər sırasında oxumağa davam etdim. Liseyin mənə verdiyi ən böyük töhvələrdən biri də asan şəkildə sosiallaşmaq idi. Bəzi elmi konfranslarda, seminarlarda, tədbirlərdə iştirakım sosiallaşmaq üçün əla zəmin yaradırdı. Respublika səviyyəli elmi konfranslardaki təqdimatlarım məqalə şəklində müxtəlif kitablarda çap olundu. Bir sıra olimpiadalarda irəli getməyi bacardım. Məktəbdə ən sevdiyim və xüsusi maraq göstərdiyim fənlər "Fizika", "Kimya" və "Tarix" olmuşdur. "Fizika" və "Kimya"ya marağım mənim təbiət elmlərinə diqqətimi artırdı. Bununla belə, bir sıra beynəlxalq sərgilərə qatılıb, bu sahəyə marağımı daha da artırdım. İNEPO, "Sabahın alimləri" layihələrini buna misal kimi göstərmək olar.

Məktəb illərində başqa hansı nailliyyətləriniz olub?

Məmmədov Emil:
- Təhsil ilə yanaşı, idman sahəsində də nailiyyətlərim olub. Buna misal olaraq, Bakı şəhəri üzrə Təhsil İdarəsi və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil edilən Bakı şəhər məktəbliləri arasında keçirilən XXIV spartakiadanın proqramına daxil olan Basketbol növü üzrə yarışda Birinci yeri tutduğumuza görə diplomla təltif olunmuşam. Qarşıya qoyduğum ən önəmli məqsədlərdən biri də, məhz orta təhsili nailiyyətlərlə və fərqlənmə ilə bitirib ölkəmizin qabaqcıl reytinqli universitetlərindən birində təhsil almaq olub. Vətənim olan Azərbaycan üçün layiqli və seçdiyim ixtisas üzrə peşəkar mütəxəssis kimi yetişmək məqsədi ilə Bakı Avropa Liseyini "Tam Orta Təhsil haqqında Xüsusi Nümunəli Attestat" və Qızıl Medal ilə bitirərək TQDK-nın keçirdiyi imtahanda 667 bal toplayıb dövlət sifarişli əsaslarla Bakı Ali Neft Məktəbinin "Neft-qaz mühəndisliyi" ixtisasına daxil olmuşam.

Məmmədli Cavid:

- Təhsillə bərabər, bir sıra maraqlı məşğuliyyətlərim də var. Hələ uşaq ikən, cüdo, voleybol və ən əsası da, basketbolla məşğul olmağa başladım. Hal hazırda da, basketbol ən sevdiyim idman sahələrindən biridir və gələcəkdə bu idman sahəsində daha da inkişaf edəcəyimə inanıram.

Məktəb illərində birgə təhsil aldığınız sinif yoldaşı ilə eyni Ali Məktəbdə oxumaq necə bir hissidr?

Məmmədov Emil:

- TQDK-nın keçirtdiyi imtahandan 685 bal toplayaraq dövlət sifarişli əsaslarla Bakı Ali Neft Məktəbinin "Kimya mühəndisliyi" ixtisasına daxil olmuş Cavid Məmmədli ilə 2004-2015-ci illərdə Bakı Avropa Liseyində eyni sinifdə təhsil almışıq. Cavid Məmmədli ilə aramızda məktəb illərində təhsil sahəsində həmişə sağlam rəqabət olub. Ümid edirəm ki, ali təhsil illərində də məktəb vaxtı qazandığımız uğurları daha böyük nailiyyətlərlə davam etdirəcəyik.

Məmmədli Cavid:

- Yuxarı siniflərdə öz qərarımı dəqiqləşdirdim. Bu baxımdan 1-ci qrup üzrə imtahan verməyi qərara aldım. İmtahanda uğurlu nəticə əldə etməyimin əsas səbəblərindən biri də, 2 il hazırlıq müddətində güclü rəqabət mühitinə düşməyim oldu. Sinifdə güclü və sağlam rəqabət apardığım yoldaşlarımdan biri də Emil Məmmədov idi. Hər lövhəyə çıxdıqda bir-birimiz üçün ən çətin və məntiq tələb edən suallar axtarırdıq. Əslində məqsəd çox sadə idi : Rəqabətdə olduğum yoldaşımın zəif yerini tapmaq və ona bilmədiyi bölmələri yenidən oxumaq üçün şərait yaratmaq.Sınaq imtahanlarının nəticələrini müqayisə edərək bir-birimizi keçməyə çalışırdıq və bu sağlam rəqabətin nəticəsidir ki, hər ikimiz yüksək bal yığaraq çoxdan arzusunda olduğumuz Bakı Ali Neft Məktəbinə qəbul olduq. Hazırda 1-ci sinifdən tanıdığım Emillə yenidən bir qrupda təhsil almaq hər ikimiz üçün əla şansdır və bu onu göstərir ki, bir neçə il əvvəl başlamış sağlam rəqabət mühiti hələ uzun illər davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti