Azərbaycan, Bakı, 6 oktyabr /Trend/
Bakı Dövlət Universitetinin (BDU) filologiya fakültəsinin əməkdaşları Bilkənd Universitetinin təşkilatçılığı ilə Sarayevo Universitetində keçirilən X Uluslararası Böyük Türk Dili Qurultayında iştirak ediblər.
BDU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, müxtəlif ölkələrdən 150-yə yaxın elm adamının qatıldığı qurultayda BDU-nu professor Zemfira Şahbazova, dosent Qızılgül Abdullayeva, "Türkoloji araşdırmalar" ETL-in kiçik elmi işçisi, doktorant Pərvin Eyvazov təmsil ediblər.
BDU əməkdaşları plenar və bölmə iclaslarında məruzə edib, müzakirələrdə aktivlik göstəriblər. I Türkoloji Qurultayın 2016-cı ildə 90 illiyinin tamam olmasını bildirən iştirakçılar vaxtilə onun I qurultayını Bakıda baş tutduğunu qeyd edərək XI Uluslararası Böyük Türk Dili Qurultayının da ölkəmizdə keçirilməsi təklifini irəli sürüblər.
Sonra qurultay iştirakçılarının şərəfinə Türkiyənin Bosniya-Hersoqovinadakı səfirliyində ziyafət təşkil olunub.
BDU əməkdaşları bu ölkədəki konsulluğumuzu ziyarət edib, tarixi-memarlıq abidələri ilə yaxından tanış olublar.