...

Dillər Universitetinin yüksək bal toplamış tələbələri Tərcümə Mərkəzində

Cəmiyyət Materials 9 Oktyabr 2015 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Oktyabrın 8-də ARNK yanında Tərcümə Mərkəzinin direktoru A.Məsud Dillər Universitetinin tərcümə fakültəsinə yüksək balla daxil olmuş tələbələri ilə görüşüb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, görüş zamanı tərcümə sənətinin aktuallığı, tərcüməçilik ixtisasının özəl incəlikləri, həmçinin tədrisi sahəsində yaşanan problemlərdən söz açılıb.

Uzun illər beynəlxalq aləmlə "Sovetlər ölkəsi" kimi yalnız rus dili vasitəsi ilə ünsiyyət quran Azərbaycanın bu gün dünyaya öz sözü, müstəqil siyasəti ilə inteqrasiya etdiyini, müxtəlif sahələr və səviyyələr üzrə qurulan bu əlaqələrdə, mübadilə və iş birliklərində, həmçinin dövlətlərarası rəsmi yazışmalarda qarşılıqlı anlaşmanın ilkin vasitəçisi və təyinatçısı olan dil və tərcümənin ön palana çəkildiyini bildirən A.Məsud görülən işlərdən, bu sahənin kadr bazasının bilavasitə qurucusu olan təhsildən, tərcümə tədrisinin problemlərindən danışıb: "2014-cü ildə ölkə başçısı cənab İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yaradılması ilə bağlı fərman imzaladı. Bu Fərman dil və tərcümənin işləndiyi hər sahədə yaşanan fəsadların, əngəllərin aradan qaldırılmasına, bu sahənin dövlətin siyasi kursu qismində formalaşdırılmasına geniş imkanlar yaratdı. Bəzən bizi "Tərcümə Mərkəzi" adı altında vətəndaşlara tərcüməçilik xidməti göstərən xırda kontorlarla qarışıq salır, bəzən də sırf bədii ədəbiyyatın tərcüməsi ilə məşğul olan yaradıcı tərcümə qurumu kimi qəbul edirlər. Lakin bu, belə deyil. Mərkəz ölkə üzrə dil və tərcümə sahəsinin mərkəzləşdirilmiş qaydada, məqsədyönlü şəkildə təşkili, təkmilləşdirilməsi və bu sahəyə nəzarəti həyata keçirən strateji əhəmiyyətli dövlət qurumudur. Bu gün biz bu sahənin normativ hüquqi bazasının yaradılması, tərcümə və tərcüməçilik fəaliyyətinin beynəlxalq normalara cavab verəcək mexanizmlər üzrə aparılması, peşəkarlıq meyarlarının, dil və tərcümə standartlarının müəyyən edilməsi və digər bu kimi sahə quruculuğu işləri ilə məşğuluq. Sizləri bura dəvət etməkdə məqsədimiz isə bu sahənin tədrisi üzrə araşdırmaların nəticələrini birgə müzakirə etmək, vəziyyətdən çıxış yolları tapmaqdır. Əvvəla, hər birinizi ürəkdən təbrik edir, bu çətin və şərəfli peşədə sizə uğurlar arzulayıram. İlk növbədə, bunu deməliyəm ki, tərcümənin təhsil sferası üzrə aparılan araşdırmalar ali məktəblərə qəbul zamanı, çox hallarda tərcümə ixtisasının ikinci, bəzən üçüncü pillədə - yəni bal çatışmadığı halda təhsildən kənarda qalmamaq niyyəti ilə seçildiyini aşkar edib. Digər, daha ağrılı məqam - bu ixtisasa önəm verən və yüksək bal toplayan qabiliyyətli tələbələrin ikinci kursdan sonra təhsilini xarici ölkələrdə davam etdirməsi və təhsil müddəti başa çatdıqdan sonra geriyə qayıtmamasıdır".

Bunun ardınca Afaq Məsud hər bir ölkənin maarif səviyyəsinin göstəricisi olan dil və tərcümənin aktuallaşması, spesifik sahələr üzrə mənimsənilməsi, tədris və tətbiq mədəniyyətinin təkmilləşdirilməsi üzrə zəruri tədbirlərin həyata keçirilməsini tənzimləyəcək Dövlət Proqramının hazırlandığını bildirib.

Görüşün sonunda tələbələrə Mərkəzin nəşrləri, buklet və kataloqları toplanmış çanta hədiyyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti