...

Deputat: "Hamımız korrupsiyaya qarşı mübarizədə maraqlı olmalıyıq"

Cəmiyyət Materials 13 Oktyabr 2015 16:09 (UTC +04:00)
Həm dövlət, həm də ictimai qurumların korrupsiyaya qarşı mübarizə işlərinə daha ciddi yanaşmaları lazımdır.
Deputat: "Hamımız korrupsiyaya qarşı mübarizədə maraqlı olmalıyıq"

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Həm dövlət, həm də ictimai qurumların korrupsiyaya qarşı mübarizə işlərinə daha ciddi yanaşmaları lazımdır. Bunu Trend-ə Milli Məclisin deputatı Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, bu qurumlar ictimaiyyətə gördükləri işlərin nəticəsini açıq şəkildə verməlidirlər. "Həmişə olduğu kimi, Prezident İlham Əliyevin tələbləri çox aydın şəkildə həm məmurlara, həm də ictimaiyyətə çatdırılıb. Düzdür, bu istiqamətdə işlər aparılır və nəticələr var. Bir tərəfdən Respublika Prokurorluğu yanında Korrpusiyaya Qarşı Mübarizə İdarəsi, digər tərəfdən ictimai qurumlar korrupsiyaya qarşı mübarizə üçün iş aparırlar. Bu işlər davam etdirilir. Görünür ki, buna daha ciddi yanaşmaq lazımdır".

Millət vəkili qeyd edib ki, korrupsiya hallarının aradan qaldırılması həm dövlət qurumları, həm də ictimaiyyətin marağında olmalıdır: "Təəssüflər olsun ki, bu, elə məsələdir ki, onunla mübarizə aparmaq o qədər asan məsələ deyil. Bütün qurumlar korrupsiyaya qarşı müabrizədə maraqlı olmalıdır".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zaman korrupsiyaya qarşı daha ciddi mübarizənin aparılmasının vacib olduğunu deyib: "Bununla yanaşı, sistem xarakterli tədbirlər, institusional islahatlar aparılmalıdır. Çünki inzibati və cəza tədbirləri bir çox hallarda səmərəsini vermir, müvəqqəti xarakter daşıyır. Ona görə, sistemli islahatlar davam etdirilməli, yeni təkliflər verilməli və əlbəttə ki, "ASAN xidmət"in təcrübəsi geniş tətbiq edilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti