Azərbaycan, Bakı, 27 oktyabr /Trend/
Oktyabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Fransanın Strasburq Universiteti arasında hər iki ölkənin təhsil sistemində mühüm hadisəyə səbəb olacaq Azərbaycan-Fransa Universitetinin (UFAZ) yaradılmasına dair geniş müzakirələr aparılıb.
Trend-in məlumatına görə, görüşdə Fransanı Strasburq Universitetinin prezidenti Alain Beretzin rəhbərliyi ilə ali təhsil müəssisələrindən ibarət nümayəndə heyəti, Azərbaycanı isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı başda olmaqla, professor müəllim heyəti, eləcə də digər ali təhsil müəssisələrinin, Təhsil Nazirliyinin və digər strukturların əməkdaşları təmsil edib.
ADNSU-nun rektoru professor M.Babanlı, eləcə də digər iştirakçılar Azərbycan Fransa hökumətlərinin dəstəyi ilə birgə təhsil müəssisəsinin - Azərbaycan-Fransa Universitetinin (UFAZ) yaradılmasının böyük əhəmiyyətini qeyd edərək, layihə ətrafında fikir və təkliflərini irəli sürüblər. Müzakirələr zamanı bildirilib ki, Azərbaycan-Fransa Universitetinin yaradılması ikitərəfli əməkdaşlıq və tərəfdaşlığın inkişafı missiyasını daşıyır. UFAZ Bakıda, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris binasında yerləşəcək. Layihəyə əsasən burada digər fransız Universitetlərinin iştirakı da nəzərdə tutulur.
Tələbələrin Universitetə ölkədaxili və regional sosial-iqtisadi tələbləri nəzərə alınmaqla 4 ixtisas üzrə - Geologiya və geofizika mühəndisliyi, Neft və qaz mühəndisliyi, Kimya mühəndisliyi texnoloji maşın və avadanlıqlar mühəndisliyi və eləcə də gələcəkdə İnşaat mühəndisliyi ixtisasının da bu sıraya daxil edilməsi nəzərdə tutulur. Hər bir ixtisas üzrə 20 tələbənin qəbulu planlaşdırılır.
Universitetdə həmçinin əcnəbi tələbələrin - Fransa və üçüncü ölkə vətəndaşlarının təhsil alması üçün lazımi hüquqi və maddi baza yaradılacaq.
UFAZ-ın professor-müəllim heyətinın Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Strasburq Universiteti, tərəfdaş Fransa və Azərbaycan ali məktəblərinin ən qabaqcıl əməkdaşlarının və frankfon ölkələrdə təhsil almış yüksək ixtisaslı azərbaycanlı kadrların tədris prosesinə cəlb edilməsi nəticəsində yaradılması nəzərdə tutulur.
UFAZ-da Azərbaycanın orta məktəb məzunlarının birbaşa Fransa ali məktəblərində təhsil almalarını təmin edən hazırlıq proqramı təşkil olunacaq.