...

AMEA-da BDU-nun Elm və Tədris Mərkəzi yaradılıb (FOTO)

Cəmiyyət Materials 4 Noyabr 2015 15:48 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyi ərəfəsində Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda yaradılmış Elm və Tədris Mərkəzinin açılışı olub.
AMEA-da BDU-nun Elm və Tədris Mərkəzi yaradılıb (FOTO)

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyi ərəfəsində Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda yaradılmış Elm və Tədris Mərkəzinin açılışı olub.

Universitetin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, institutun Elmi Şurasının üzvləri, laboratoriya müdirləri və əməkdaşların iştirakı ilə keçirilən açılış mərasimində çıxış edən rektor, akademik Abel Məhərrəmov deyib ki, mərkəz BDU və AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında kadr hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlıq haqqında imzalanmış Anlaşma Memorandumuna əsasən yaradılıb.

AMəhərrəmov BDU ilə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında elmi-pedaqoji əməkdaşlığın tarixinin 2004-cü ildə Biologiya fakültəsinin nəzdində yaradılmış Torpaqşünaslıq kafedrası ilə başladığını qeyd edib. Onu da bildirib ki, hazırda Ekologiya və torpaqşünaslıq fakültəsində bir sıra ixtisaslar üzrə mütəxəssislərin hazırlanmasında, o cümlədən birgə konfransların təşkilində əlaqələr uğurla davam etdirilir. Yeni yaradılan mərkəzin tədris prosesinin elmi tədqiqatla əlaqləndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, tələbə, magistrant və doktorantların tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktik bilik, bacarıq və vərdişlərin formalaşdırılması baxımından əhəmiyyətli olduğunu söyləyib.

Sonra AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədov, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, professor Əlövsət Quliyev və professor Paşa Zamanov çıxış edərək əməkdaşlığın bundan sonra daha səmərəli şəkildə davam edəcəyinə əminliklərini ifadə ediblər.

Sonda tədbir iştirakçıları institutun elmi tədqiqat laboratoriyaları, Torpaq muzeyi ilə yaxından tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti