...

Xarkovda Azərbaycanla bağlı elmi-praktik konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 19 Noyabr 2015 12:10 (UTC +04:00)
Ukrayna Dövlət Dəmiryolu Nəqliyyatı Universitetində Azərbaycanın Xarkov şəhərindəkı fəxri konsulluğunun təşəbbüsü ilə “Azərbaycanın dövlət atributlarının bərpa olunmasında və milli məfkurənin formalaşmasında Heydər Əliyevin rolu” mövzusunda elmi praktik konfrans keçirilib.
Xarkovda Azərbaycanla bağlı elmi-praktik konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Xarkov şəhərində Azərbaycanla bağlı elmi-praktik konfrans keçirilib.

Ukrayna Dövlət Dəmiryolu Nəqliyyatı Universitetində Azərbaycanın Xarkov şəhərindəkı fəxri konsulluğunun təşəbbüsü ilə "Azərbaycanın dövlət atributlarının bərpa olunmasında və milli məfkurənin formalaşmasında Heydər Əliyevin rolu" mövzusunda elmi praktik konfrans keçirilib.

Konsulluqdan Trend-ə verilən məlumata görə, Azərbaycan konstitusiyasının qəbul olunmasının 20 illiyinə həsr olunmuş konfransda Xarkov vilayətində fəaliyyət göstərən bir sıra ali təhsil ocaqlarının rektorları, alimlər, diplomatlar, media və diaspora təmsilçiləri iştirak edib. Azərbaycan və Ukraynanın dövlət himnlərinin sədaları alltında başlanan konfransı Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov açaraq, xalqımızın dövlətçilik tarixində milli atributlarımızın zəngin çalarlarla malik olduğunu diqqətə çatdırıb.

O qeyd edib ki, dövlət rəmzlərimiz arasında 3 rəngli bayrağımız,himn və gerbimiz mahiyyət etibarilə dövlətimizin və xalqımızın milli ideologiyasını, qəhrəmanlıq tarixini, mənəvi dəyərlərini, inkişaf və tərəqqi əzmini özündə geniş əks etdirir. Azərbaycanın dövlət atributlarının bərpa olunmasında və milli mənəvi dəyərlərimizin inkişaf etdirilməsində ümummili lider Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edən konsul, 20 il bundan öncə Ulu Öndərin rəhbərliyi ilə qəbul olunmuş Azərbaycan Konstitusiyasının demokratik prinsiplər baxımından uzun əsrlərə hesablandığını bildirib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin inkişaf edərək dünyanın aparıcı ölkələri sırasında öz layiqli yerini tutduğunu diqqətə çatdıran Əfqan Salmanov ölkəmizin fundamental inkişaf dinamikasının bir başa dünyəvi qanunların aliliyinə əsaslandığını söyləyib.

Tədbirdə Ukrayna Dövlət Dəmiryolu Nəqliyyatı Universitetinin rektoru Sergey Pançenko, professor Gennadi Xripunov, tarix elmləri namizədi Anatoli Qançarenko, Xarkov milli Radioelektronika Universitetinin prorektoru Murad Ömərov, Albaniyanın Xarkov şəhərindəki fəxri konsulu Şahin Ömərov, Poltava şəhərindəki Azərbaycan mədəniyyət və təhsil mərkəzinin direktoru Yaşar Alxasov, Aynur Xatın cəmiyyətinin sədri Kifayət Cəfərova və digər elm adamları çıxış edərək, müstəqillik dövrünün inkişaf və intibah tarixini yaşayan müstəqil Azərbaycan dövlətinin beynəlxalq arenada böyük nüfuz sahibinə çevrilməsindən bəhs ediblər. Ölkəmizin idarəetmə strategiyasının doğru əsaslar üzərində qurulduğunu bildirən professor Sergey Dimçenkonun çıxışı böyük maraqla qarşılanıb.

- Mən çox şadam ki, müstəqil Azərbaycan dövləti inkişaf edərək, öz maddi və mənəvi sərvətlərinin sahibinə çevrilib. Təbii ki, Azərbaycanın əldə etdiyi nailiyyətlər bir başa dahi Heydər Əliyev şəxsiyyətinin adı ilə bağlıdır. O, sözün əsl mənasında xalqını və dövlətini parçalanmaq təhlükəsindən xilas etməyi bacardı. Fərəhləndirici haldır ki, Prezident İlham Əliyevdə atasının dövlətçilik ideologiyasını layiqincə davam etdirərək, Azərbaycanı xoş və inamlı gələcəyə aparır.

Konfransda Azərbaycanın inkişaf tarixini və dövlət atributlarını özündə əks etdirən sənədli film nümayiş etdirilib. Tədbirin sonunda Ukrayna Dövlət Dəmiryolu Nəqliyyatı Universiteti ilə Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğu arasında ikitərəfli elm və təhsil əlaqələrinin inkişaf etdirilməsi üçün memorandum imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti