...

"Təmiz Şəhər" öz zavodlarına tələbə və şagirdlər üçün turlar təşkil edir (FOTO)

Cəmiyyət Materials 21 Yanvar 2016 15:46 (UTC +04:00)
Şagirdlər və tələbələr istənilən vaxt “Təmiz Şəhər” ASC-in Balaxanıda yerləşən zavodlarına gedərək Bakıda tullantıların idarə edilməsi prosesini yaxından izləyə bilərlər.
"Təmiz Şəhər" öz zavodlarına tələbə və şagirdlər üçün turlar təşkil edir (FOTO)

Bakı. Trend:

Şagirdlər və tələbələr istənilən vaxt "Təmiz Şəhər" ASC-in Balaxanıda yerləşən zavodlarına gedərək Bakıda tullantıların idarə edilməsi prosesini yaxından izləyə bilərlər. Qurum idarə etdiyi tullantıların çeşidlənməsi və tullantıların yandırılması zavodlarına mütəmadi olaraq turlar təşkil edir.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 21-də "Kaspi" liseyinin şagirdləri üçün davamlı turlar başlayıb. Bir neçə həftə ərzində liseyin bütün şagirdləri ayrı-ayrı qruplar şəkildə çeşidləmə və yandırma zavodlarına səfər edəcəklər.

Çeşidləmə zavodunda paytaxtdan toplanmış qarışıq məişət tullantıları növlərinə görə (metal, şüşə, plastik, kağız və s.) seçilir və xammal kimi təkrar emal zavodlarına göndərilərək yenidən məhsul hazırlanmasında istifadə olunur.

Təkrar emala yararlı olmayan materiallar isə yandırılma zavoduna göndərilir və orada yandırılaraq elektrik enerjisi istehsal olunur. Bu zavodda il ərazində Gəncə şəhərinin əhalisini təmin edəcək qədər elektrik enerjisi istehsal olunur.

Yeniyetmələr və gənclər bu zavodların işi barədə daha maraqlı və detallı məlumatı yerində alır. Tur iştirakçıları zavodlarda aparılan işlərlə praktik formada tanış olur, ASC-in mütəxəssisləri onlara ətraflı məlumat verir.

İstənilən təhsil müəssisəsi bu maarifləndirici səfərlərdə iştirak etmək üçün [email protected] emailinə yazaraq "Təmiz Şəhər"ə müraciət edə bilər. Qurum təhsil müəssisələri üçün nəqliyyat vasitələrini də təşkil edir.

"Təmiz Şəhər" ASC ölkədə ətraf-mühitin qorunması və tullantıların idarə olunması mövzularında daim oxşar və fərqli maarifləndirmə işləri həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti