...

Bakıda keçiriləcək "Formula 1" yarışına biletlərin qiyməti artıbmı?

Cəmiyyət Materials 1 Mart 2016 16:42 (UTC +04:00)
Bakıda keçiriləcək "Formula 1" üzrə Avropa Qran-Prisinə xarici ölkələrdən böyük maraq göstərilir.
Bakıda keçiriləcək "Formula 1" yarışına biletlərin qiyməti artıbmı?

Bakı. Trend:

Bakıda keçiriləcək "Formula 1" üzrə Avropa Qran-Prisinə xarici ölkələrdən böyük maraq göstərilir. Bunu Trend-ə Bakı Şəhər Halqasının (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

N.Arpadarai bildirib ki, həm ölkə daxilindən, həm də ölkə xaricindən yarışa böyük maraq var. Yarışı izləmək üçün biletlər daha çox Rusiyadan, Avropadan alınır.

Onun sözlərinə görə, yarışla əlaqədar Bakıya çoxlu sayda turistlərin gəlməsi gözlənilir. Artıq hotellərin bir çoxunda Qran-Pri dövrü üçün yer yoxdur.

Manatın devalvasiyasından sonra biletlərin qiymətlərində artım olub-olmamasına gəlincə, N.Arpadarai bildirib ki, biletlərin qiyməti əvvəl hansı məbləğdə elan olunmuşdusa, həmin məbləğdə də qalır: "Biletlərin qiyməti ilə bağlı heç bir artım olmayıb. Qiymətlər necə elan olunmuşdusa, elə də qalıb. Sadəcə olaraq, Azərbaycan vətəndaşları üçün biletlərin qiymətləri 20-40 faiz arası endirimlə olacaq. Bu da o deməkdir ki, xarici ölkədən bilet almaq üçün sayta daxil olanda başqa qiymətlər görünür, Azərbaycandan daxil olanda isə daha ucuz qiymətlər görünür. Buna görə qiymətlərdə fərq var. Əslində isə heç bir dəyişiklik olmayıb, əvvəlcədən necə planlaşdırılmışdısa, biletlər o qiymətə də satılır".

Yarışla əlaqədar Bakının bəzi yerlərində qənbər daşlar olan hissələrdə asfalt örtüyünün salınmasına toxunan N.Arpadarai deyib ki, yarışdan dərhal sonra asfalt örtüyü çıxarılacaq, yolun əvvəlki vəziyyəti bərpa olunacaq.

O, əlavə edib ki, yarışa hazırlıq işləri plana uyğun davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti