...

Fənn müsabiqələrinin qalibləri mükafatlandırılıb

Cəmiyyət Materials 11 Mart 2016 15:22 (UTC +04:00)
Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən fənn müsabiqələrinin qalibləri mükafatlandırılıb.
Fənn müsabiqələrinin qalibləri mükafatlandırılıb

Bakı. Trend:

Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən fənn müsabiqələrinin qalibləri mükafatlandırılıb.

İdarədən Trend-ə verilən məlumata görə, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, idarənin sektor müdirləri, məktəb direktorları, müsabiqə qalibləri və valideynlər iştirak ediblər.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri M.Vəliyeva bilik yarışlarında qazanılan uğurların ilbəil artdığını söyləyərək müsabiqə qaliblərini təbrik edib, onlara daha böyük nailiyyətlər arzulayıb. O, şagirdlərin erkən yaşlarında qazandıqları hər kiçik qələbənin gələcək həyatlarında böyük rolu olacağına, onlar arasından dünya fənn olimpiadalarının qaliblərinin yetişəcəyinə və ölkəmizdə dövlətçiliyimizin qorunub saxlanılmasının inkişafına xidmət edən şəxsiyyətlərin formalaşacağına əmin olduğunu bildirib. M.Vəliyeva onu da bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini bir daha təbiət elmlərinə yönəltmək və dəqiq fənlər üzrə onların hərtərəfli, mükəmməl biliyə yiyələnməyinə xidmət etməkdir.

Tədbirdə çıxış edənlərdən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, idarənin sektor müdiri Sevinc Rəsulova və "Gənc İstedadlar" liseyinin direktor müavini, Bakı Dövlət Universitetinin dosenti Məleykə Bayramova da qalibləri təbrik edərək ölkə Prezidenti İlham Əliyev tərəfindən təhsilə göstərilən dövlət qayğısından danışıblar. Çıxış edənlər fənn olimpiadalarının ölkə üçün əhəmiyyəti, gələcək elmi potensialın inkişafı, gənc alimlərin yetişməsi baxımından əhəmiyyəti haqqında fikirlərini də bölüşüblər.

Tədbirə Bakı şəhəri 24 saylı Uşaq Yaradıcılıq Mərkəzinin "Səma" rəqs qrupunun ifasında "Sevinci" rəqsi və 25 saylı Uşaq Yaradıcılıq Mərkəzinin "Nağaraçalanlar" ansamblının ifası daha da rəngarənglik qatıb. 166 saylı məktəbin X sinif şagirdi Əzizə Məhərrəmovanın ifasında səsləndirilən "Sarı gəlin" tədbir iştirakçılarının marağına səbəb olub.

Qeyd edək ki, Azərbaycan təhsil nazirinin "Beynəlxalq fənn olimpiadalarına hazırlıq işlərinin təşkili barədə" 25 avqust 2015-ci il tarixli 912 nömrəli əmrinə əsasən, 2015-ci ilin noyabr və dekabr, 2016-cı ilin yanvar aylarında Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin VII sinif şagirdləri arasında riyaziyyat, VIII sinif şagirdləri arasında isə fizika, kimya, biologiya fənləri üzrə üç mərhələdə müsabiqələr keçirilib. Ümumilikdə 2212 şagirdin iştirak etdiyi müsabiqələrin nəticələri təhlil edilib və yüksək göstəricilər əldə etmiş şagirdlər müəyyənləşdirilib. Fənn müsabiqələrinin Bakı şəhəri üzrə 3 mərhələsinin yekununa əsasən 94 nəfər qalib olub.

Sonda qaliblər diplom və qiymətli hədiyyələrlə təltif olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti