Bakı. Trend:
"Təmiz Şəhər" ASC-nin nümayəndəsi aprelin 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) mühazirə deyib.
ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabit Zeyniyev tələbələrə "ətraf mühitin qorunmasında tullantıların idarə edilməsinin rolu" mövzusuna geniş məlumat verib.
Bu özəl dərs universitetlə səhmdar cəmiyyət arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən təşkil olunub. Razılaşmaya əsasən birgə elmi-texniki baza yaradılır, nəzəri və praktiki bilik və təcrübələr mübadiləsi həyata keçirilir.
"Təmiz Şəhər" bakalavrlar üçün istehsalat təcrübələri, uyğun ixtisaslaşmalar üzrə magistrların elmi-tədqiqat işlərinin təşkilinə şərait yradacaq. Tələbələr üçün xüsusi kursların təşkili və sertifikatlaşdırılması, yüksək hazırlığa malik məzunların gələcəkdə "Təmiz Şəhər" ASC-də işlə təmin olunması məsələləri planlaşdırılır.
ADNSU-nun doktorant və dissertantlarının elmi-tədqiqat işləri "Təmiz Şəhər" üçün aktuallıq kəsb edən mövzulara həsr olunacaq. Universitetdə təşkil olunacaq beynəlxalq layihələrdə "Təmiz Şəhər" tərəfdaş kimi iştirak edəcək. Əməkdaşlıq razılaşmasında tərəflər birgə elmi-texniki seminarlar təşkil etməsi, elmi işlər aparması, sərgilərdə müştərək iştirak etmələri də nəzərdə tutulub.
"Təmiz Şəhər" ASC maarifləndirmə siyasəti çərçivəsində ölkədəki əksər təhsil ocaqları ilə müxtəlif formalı əməkdaşlıqlar edir. Səhmdar cəmiyyət bununla şagird və tələbələrin tullantıya baxışını, onunla rəftarını formalaşdırmağa, uyğun ixtisas tələbələrinin isə bu sahədə peşəkar yetişməsinə dəstək olmağa çalışır.